20:38 02-03-2021
news_image
113
FUTBOL

“Qarşımızda Avropa Liqasına getmək məqsədi durmayıb” – Elmar Baxşıyev

“Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” çempionatın favoritidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis komandasının 0:3 hesabı ilə məğlub olduğu görüşdən sonra mətbuat konfransında təəssüratlarını bölüşüb. O, rəqibin yaxşı təşkilatlandığını söyləyib: “Heyətimizdə itkilər, zədəli futbolçular var idi. Bu üzdən rotasiyaya getməyə məcbur idik. İki fərqli hissə nümayiş etdirdik. İlk yarıda narazı qaldığımız epizodlar var idi. Ümumilikdə “Qarabağ”ın səviyyəsini qeyd etmək istəyərdim ki, bizdən üstündürlər. Amma yenə təslim olmuruq”.

Baxşıyev qarşılarına Avropa Liqasına vəsiqə hədəfi qoyulmadığını əlavə edib: “Öz oyunumuzla daha yüksək pillələrə qalxmağa çalışacağıq. Qarşımızda Avropa Liqasına getmək məqsədi durmayıb. Komandanı hər dəfə növbəti görüşə hazırlayırıq. Öz dəst-xəttimiz var. Məşq prosesində onu daha da genişləndiririk. İnanıram ki, oyundan-oyuna daha məzmunlu olacaq. Komandanın potensialı var. Uduzduğumuz əksər matçlarda da rəqiblərdən geri qalmadığımızı göstərmişik”.