11:12 03-03-2021
news_image
1037
FUTBOL

Ronaldodan “qaçan” qapıçılar – ADLAR

Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo dünya futbol tarixinin ən çox qol vuran üç oyunçusundan biridir.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvardın üz-üzə gəlib məyus edə bilmədiyi qapıçı sayı yəqin ki, barmaqla sayılacaq qədər az olar.

Amma elə tanınmış qapıçılar var ki, karyeraları ərzində hələ də “Yuventus”un superulduzuna rəqib olmadıqları üçün sevinə bilərlər. Onlardan 5-ni təqdim edirik.

Alisson Beker
Yurgen Klopp “Liverpul”un sükanı arxasına keçdikdən sonra qapı xəttindəki problemi Alisson Bekerlə həll etdi. Ronaldo “Liverpul”a qarşı Çempionlar Liqasının finalında iştirak edib. Amma çərçivədə Loris Karius idi. Alisson həmin vaxt hələ transfer olunmamışdı.

Ederson
Adətən güclü qapıçı yetişdirməkdə problem yaşayan Braziliyanın hazırda İngiltərə Premyer Liqasında yüksək səviyyədə çıxış edən iki qolkiperi var. Hər ikisi çempionluğa oynayan komandanın formasını geyinir ki, onlardan biri Edersondur. “Mançester Siti”nin “1 nömrəsi” də həmyerlisi Alisson kimi, hələ Ronaldoya rəqib olmayıb.

Eduard Mendi
Son illər qapı xəttində bir sıra problemlər yaşayan “Çelsi” bunu Mendinin keçidi ilə yoluna qoydu. Seneqallı qolkiper son iki mövsümdəki yüksəlişi sayəsində 22 milyon funt-sterlinq qarşılığında “Renn”dən alındı.

Bernd Leno
Hazırda almanların ən etibarlı mövqeyi qapı xəttidir. Hətta vəziyyət o həddədir ki, Bernd Leno kimi qolkiper Almaniya millisində 3-cü seçimdir. Çünki Manuel Noyer və Mark-Andre ter Ştegeni qabaqlamaq çox çətin görünür. AVRO-2016-ya aparılsa da, iki il sonrakı dünya çempionatını buraxan Leno həmin il “Arsenal”a keçdi. O, 2011/12 mövsümündə “Bayer”də olarkən Çempionlar Liqasında “Barselona”ya qarşı matçda Lionel Messi tərəfindən 5 dəfə mərkəzə dəvət edilsə də, Ronaldo ilə hələ qarşılaşmayıb.

Din Henderson
“Mançester Yunayted” Avropada iki güclü qapıçıya sahib tək-tük komandalardan biridir. Din Henderson əsas qapıçı David De Xeanın alternativi sayılsa da, bu gedişlə tezliklə çərçivəni ələ keçirəcək.