14:45 03-03-2021
news_image
668
FUTBOL

Millidən imtina edənlər – SİYAHI

“Bavariya”nın 18 yaşlı futbolçusu Camal Musiala İngiltərə deyil, Almaniya yığmasını üstün tutub.

Apasport.az saytının məlumatına görə, Ştutqartda anadan olan və Londonda böyüyən yarımmüdafiəçi hər iki federasiyadan təklif alsa da, almanlara üstünlük verib.

Maraqlıdır ki, böyük gələcək vəd edən Musiala ingilislərə “yox” cavabı verən ilk oyunçu deyil. Keçmişdə də bir sıra tanınmış futbolçular Britaniya millisində oynamaqdan imtina edib. Həmin adlardan bəzilərini təqdim edirik.


Rayan Giqqz
Kardiffdə uelsli ata-ananın övladı kimi dünyaya gələn Giqqz İngiltərə yığmasının təklifini rədd edib. Uels millisində oynamağı üstün tutan əfsanəvi futbolçu seçimini belə izah etmişdi: “Doğulmadığım və ya ailəmin heç bir bağlılığı olmadığı ölkənin yığmasında oynamaqdansa, karyeramı dünya və Avropa çempionatına qatılmadan keçirməyi seçərəm”.


Vilfred Zaha
Zaha 2012-ci ildə İngiltərə millisinin heyətində bir yoldaşlıq görüşündə iştirak etdi. Ancaq daha sonra çağırılmadı. 2016-cı ildə isə Fil Dişi Sahili yığmasının formasını geyinməyə başladı.


Covanni Reyna
2002-ci ildə atası Klaudio Reyna “Sanderlend”də oynadığı zaman anadan olan Covanni İngiltərə yığmasında çıxış edə bilərdi. Amma ABŞ yığmasının kapitanı olmuş atası buna imkan verməzdi. Belə də oldu. Futbolçu ötən il 18 yaşında Uelslə görüşdə ABŞ millisinin heyətində debüt etdi.


Viktor Mozes
Nigeriyada anadan olan Mozes ölkədə baş verən vətəndaş müharizəsi zamanı valideynlərini itirdi. 11 yaşında əmisi tərəfindən İngiltərəyə qaçırıldı. Orada bir ailəyə verildi. Çətin şərtlərə baxmayaraq, futbolçu olmağı bacaran Viktor İngiltərənin aşağı yaş qrupu üzrə yığmalarında da oynadı. Ancaq sonda Nigeriyanın əsas millisini seçdi.


Simone Perrotta
İngiltərədə dünyaya gələn Perrotta həm İngiltərə, həm də İtaliya yığmasından dəvət aldı. Ancaq doğulduğu yeri deyil, öz vətənini üstün tutdu. DÇ-2006-da bütün oyunlarda iştirak etdi, Skuadra Adzurranın dünya çempionluğunda önəmli rol oynadı.


Ues Morqan
Morqan İngiltərədə anadan olsa da, 2012-ci ildən Yamayka yığmasının formasını geyinməyə başladı. Onun üç il sonra “Lester”lə Premyer Liqa çempionluğunu qazanması ingilisləri məyus etmişdi.


Adnan Yanuzay
Nə az, nə çox, düz 7 federasiyadan təklif alan Adnan öz ölkəsi olan Belçikanı təmsil etmək qərarına gəldi. İngiltərəyə “yox” deyən Yanuzay DÇ-2018-in qrupunda məhz ingilislərlə matçda qələbə qolunun müəllifi oldu.


Lui Saha
“Fulhem”də keçirdiyi dörd ildən sonra “Mançester Yunayted”ə transfer olunan Sahanın AVRO-2004-ə İngiltərə millisi ilə yollanması gözlənilirdi. Ancaq o, bunu rədd edib, Fransa millisinə getdi.


Luis Holtbi
Atası ingiltərəli hərbçi olan lakin uzun müddət Almaniyada çalışan Holtbi hər iki yığmadan dəvət alıb. Amma o, anadan olduğu ölkəni seçdi, 2010-2012-ci illərdə Almaniya yığmasının heyətində 3 matçda meydana çıxdı.