22:27 03-03-2021
news_image
194
FUTBOL

Əfsanəvi “9 nömrələri” – “Barselona”nın

Yayda heyətində ciddi islahatlar aparan “Barselona”da ən böyük səs-küy yaradan ayrılıq Luis Suaresin “Atletiko”ya keçidi oldu.

Apasport.az saytının məlumatına görə, onun gedişindən sonra 9 nömrəli formanın Martin Braytvayta verilməsi azarkeşlər tərəfindən böyük tənqidlə qarşılandı.

Kataloniya klubunun fanatları danimarkalının bu formaya layiq olmadığını əsas gətirirlər ki, bunda da haqlıdırlar. Çünki Braytvayt hazırda əsas heyətə düşə bilmir. Halbuki vaxtilə “Barselona”da 9 nömrəli formanı geyinənlər komandanın aparıcı simaları, liderləri olub.

Kataloniya klubunun əfsanəvi 9 nömrələrini gördükdə siz də azarkeşlərə haqq qazandıracaqsınız.

1. Yohan Kroyff
Niderlandlı təkcə “Barselona”nın yox, dünya futbol tarixinin əfsanələri sırasındadır. 1973-1978-ci illərdə kataloniyalıların heyətində çıxış edən Kroyff 8 il də (1988-1996) baş məşqçi kimi çalışıb.

2. Ronaldo
“Yekədiş”in “Barsa” macərası uzun sürmədi. Amma karyerasının ən parlaq dönəmində kataloniyalıların formasını geyindi. Braziliyalı 1996/97 mövsümündə La Liqa nəhənginin heyətində keçirdiyi 49 oyunda 47 qol vurdu, 12 məhsuldar ötürmə verdi.

3. Patrik Kluyvert
Daha bir niderlandlı qolçu. O, 1998-2004-cü illərdə şərəfini qoruduğu komandanın unudulmazları sırasına qoşuldu. Klyuvert 257 matçda 122 qol vurduğu “Barsa”nın heyətindəki çıxışı ilə daha çox yadda qalıb.

4. Samuel Eto
Kamerunlu 2004-2009-cu illərdə çıxış etdiyi klubun aparıcı simalarından oldu. Təsadüfi deyil ki, meydana çıxdığı 199 görüşdə 130 dəfə rəqib qapıçılarını məyus etdi.

5. Zlatan İbrahimoviç
İsveçlinin “Barsa” karyerası çox da yaddaqalan keçmədi. Amma bacarığını qısa müddətdə orada da nümayiş etdirdi. 46 oyunda 22 qola imza atan Zlatan 12 dəfə də assist etdi.

6. Aleksis Sançes
Çilili forvard 2011-2014-cü illərdə “Barselona”dakı oyunu ilə rəqib müdafiəçilərinin qorxulu röyasına çevrilsə də, burada dəyəri bilinmədi. 141 oyunda 46 qol vurub, 37 məhsuldar ötürmə verən forvard ardından İngiltərənin yolunu tutdu.

7. Luis Suares
Cari mövsümə qədər 9 nömrəli formanı məhz o daşıyırdı. Hələ də qolları ilə azarkeşlərini sevindirən uruqvaylı 2014-2020-ci illərdə “Barselona”nın qol yükünü Lionel Messi ilə birlikdə daşıdı. Bu müddətdə 283 matça çıxan Suares 195 qol və 113 assistə imza atdı.