20:55 03-03-2021
news_image
222
FUTBOL

“Qarabağ” xal itirsəydi belə, rahatlaşmayacaqdıq” – Samir Abasov

"Oyundan öncə futbolçulara dedim ki, rəqibin sonuncu yerdə olması bizə rahatlıq verməməlidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

43 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XVIII turunun “Sabah”la ev oyunundan sonra mətbuat konfransı keçirib. Abasov 2:1 hesablı ev qələbəsinə şərh verib: “Matçın çətin olacağını bilirdik. "Zirə"yə məğlubiyyətdən sonra bir az təzyiq var idi. Qələbə yaxşı oldu. Həyəcanlı oyun alındı. Qıraqdan bir az çox qışqırdıq. Əsas odur ki, qələbə qazandıq, yaxşı əhval-ruhiyyə ilə digər matça hazırlaşacağıq. Sadəcə, Talisson Diası oyuna saldıq. Onun fərqli keyfiyyətləri var. Ahmed Ahmedov isə 2-3 oyun keçirib. Bəlkə də ondan həddindən artıq çox şey istəyirik. Matça zədəli çıxmışdı. Zədələndiyi yerdən də zərbə aldı. Özü oynamaq istəyirdi. Biz əlimizdəki hücumçularla nəticə qazanmaq istəyirik".

Abasov görüşlərin evdə və ya səfərdə keçirilməsinin o qədər önəm kəsb etmədiyini söyləyib: "Bütün matçlar demək olar ki, Bakıda keçirilir. Ən uzaq səfərimiz Sumqayıtdır. Dincəlməyə, rahatlaşmağa vaxtımız yoxdur. Öz oyunumuzu fikirləşirik. İtirəcəyimiz xal bizi panikaya sala bilər, o qorxu bizdə var. Bizdən əvvəl "Qarabağ" oynadı. Onlar xal itirsəydi belə, rahatlaşmayacaqdıq. Qarşımıza məqsəd qoymuşuq və hədəfə çatmaq istəyirik".