13:58 04-03-2021
news_image
267
FUTBOL

Gənclərdən geri qalmayan veteranlar – 35 yaşdan yuxarı “10-luq”

Müasir futbolda əsasən gənclərə üstünlük verilir.

Apasport.az saytının məlumatına görə, çox az sayda veteran oyunçu bunun fonunda hələ də yüksək səviyyədə performans sərgiləyə bilir.

Formasını geyindikləri klublar, çiyin-çiyinə oynadıqları komanda yoldaşları dəyişdi, yaşları 35-i ötdü, ancaq onlar hələ də əvvəlki performanslarından elə geri qalmırlar. Həmin futbolçuların hamısını azarkeşlər çox yaxşı tanıyır...

Kriştianu Ronaldo
Şübhəsiz ki, o, dünya futbol tarixinin ən yaxşılarındandır. Oyun üslubunu dəyişə bilən, meydana hələ də hökm etməyi bacaran portuqaliyalı 36 yaşında olmasına baxmayaraq, hazırda “Yuventus” kimi nəhəng klubun qol yükünü daşıyır.

Zlatan İbrahimoviç
Qeyri-adiliyi, zəkanı və xarizmanı özündə birləşdirən isveçli 40 yaşın içindədir. Amma hələ də dünya səviyyəli ulduz imicini itirmir. “Milan”ın bombardiri bu yaşda “rossonyerlər”ə çempionluq qazandırmaq əzmindədir.

Andres İnyesta
Futbolda düha deyiləcək azsaylı simalardan biridir. Xavi ilə birlikdə tarixin ən təhlükəli yarımmüdafiə cütlüyü yaradan İnyesta hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edir. 37 yaşı olmasına baxmayaraq, “Barselona” hələ də onu qaytarmağa çalışır. 

Tyaqo Silva
Hazırda 37 yaşı var, amma o, müdafiədə olanda komandası arxayın oynayır. 36 yaşda “Çelsi” kimi nəhəng kluba keçmək və komandanın aparıcı siması olmaq hər kəsin işi deyil.

Frank Riberi
Topla möhtəşəm davranışı və sürəti sayəsində uzun illər “Bavariya”nın liderlərindən oldu, dünyanın ən güclü cinah oyunçuları sırasında yer aldı. 38 yaşı olsa da, İtaliya A seriyası klubu “Fiorentina”da çıxış edir.

Luka Modriç
Qüsursuz orta sahə oyunçusu dedikdə ağıla ilk gələn xorvatiyalı superulduz olur. Sentyabrda 36 yaşı tamam olacaq, ancaq hələ də dünya nəhəngi “Real”ın əvəzedilməzidir.

Filipe Luis
“Atletiko”nun ən yaxşı illərində komandanın formasını geyinən braziliyalı hücuma dəstəyi sayəsində daim seçilirdi. 36 yaşlı sol cinah müdafiəçisi hazırda ölkəsində “Flamenqo”da çıxış edir.

Aleksandar Kolarov
15 ilə yaxındır böyük klubların şərəfini qoruyan serbiyalı müdafiəçi hazırda da İtaliya A seriyasına liderlik edən “İnter”in uğurları üçün çalışır. 36 yaşı olsa da, “neradzurra” qış fasiləsində onun gedişinə imkan vermədi.

Sanri Kazorla
İspaniyalı ən çox “Arsenal”dakı oyunu ilə xatırlanır. Uzun müddət komandanın liderlərindən olub. 37 yaşlı yarımmüdafiəçi hazırda Qətər klubu “Əl-Sədd”in şərəfini qoruyur.

Pepe
“Real”ın “dəmir yumruğu” sayılırdı. Ötən ay 38 yaşı tamam olmasına baxmayaraq, Portuqaliyanın bir nömrəli klubu “Porto”nun müdafiə xəttində yer alır.