16:14 04-03-2021
news_image
1324
FUTBOL

Matiçi serbiyalı futbolçu ilə əvəzləyəcək – “Qarabağ”

Mövsümün sonunda bir neçə əcnəbi futbolçu transferi ilə heyətini gücləndirməyi planlaşdıran “Qarabağ” eyni zamanda bəzi oyunçularla da yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanovun “qara siyahı”sındakı ilk futbolçu da məlumdur.

Təcrübəli mütəxəssis yarımmüdafiəçi Uroş Matiçin çıxışından məmnun deyil. Ötən ilin yayında “Kopenhagen”dən transfer edilən 31 yaşlı dayaq yarımmüdafiəçisi artıq əsas heyətə düşməkdə çətinlik çəkir, ən yaxşı halda ikinci hissədə mübarizəyə qoşulur. Ağdam təmsilçisi yayda onunla vidalaşmağın yollarını axtaracaq. Matiçin ehtiyatda oturaraq yüksək məvacib alması bu ayrılığı şərtləndirən əsas səbəbdir.

Yeganə problem orta sahə oyunçusunun müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdır. Bu üzdən rəhbərlik serbiyalıya özünə klub tapmaq tapşırığı verəcək. Belə olarsa, klub onun gedişi üçün köməklik göstərəcək.

“Qarabağ” bu mövqe üçün artıq axtarışa da başlayıb. Əldə etdiyimiz məlumata əsasən, Matiçin yerinə gətirilməsi nəzərdə tutulan namizədlər hazırda məhz Serbiyada çıxış edir. Onların adlarını dəqiqləşdirə bilməsək də, yerli futbolçu olduqlarını öyrənmişik.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 12 matçda meydana çıxan Uroş Matiç ötən il “Qarabağ”la 2+1 illik müqavilə bağlayıb.