21:08 04-03-2021
news_image
150
FUTBOL

“Nəticəni ədalətli saymıram” – hər iki baş məşqçinin narazılığı

Avropa çempionatının seçmə qrup mərhələsinin III turunda Moldovanı qəbul edən Azərbaycan millisi 5:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

Yığmamızın çalışdırıcısı Joze Alesio da Silvanın narazı qaldığı yeganə məqam Rafael Vilelanın sarı vərəqə alaraq cəzalı duruma düşməsi olub.

Joze Alesio da Silva (Azərbaycan millisinin baş məşqçisi): “Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Moldova yığmasının isə necə oynayacağını bilirdik. Buna görə də uşaqlara diqqətli olmağı, erkən qol vurmağı tapşırmışdım. Çünki hesabı tez açsaydıq, növbəti qolları da vuracaqdıq. Ümumi götürsək, istədiyimiz alındı. Vacib olan nəticəni - qələbəni qazandıq. Moldova millisinin üzvləri fiziki planda güclüdürlər. Onlar daim hərəkətdə idilər. Narazı qaldığım məqam hücumçumuz Rafael Vilelanın sarı vərəqə alması oldu. Artıq passivində 3 sarı vərəqə var və o, növbəti oyunda bizə kömək edə bilməyəcək”.

Vladimir Busatıy (Moldova millisinin baş məşqçisi): “Rəqibin Yunanıstanla oyununa baxmışdım. Bilirdim ki, Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdir. Heyətlərində fərdi planda seçilən futzalçılar var. Nəticəni ədalətli saymıram. Çünki bizim də qol vurmaq üçün şanslarımız oldu, sadəcə, həmin epizodları reallaşdıra bilmədik. Futzalda gərək hər şansdan maksimum istifadə edəsən. Yoxsa, özün cəzalandırılacaqsan”.