13:28 05-03-2021
news_image
1270
FUTBOL

AVRO-2020-ni buraxacaq ulduzlar – “10-luq”

AVRO-2020-nin startına 100 gündən az vaxt qalıb.

Apasport.az saytının məlumatına görə, bir çox ulduz futbolçu yarışın həyəcanını yaşasa da, bəziləri turniri televiziyadan izləməli olacaq.

Bu yazıda AVRO-2020-ni buraxacaq ən dəyərli 10 futbolçunu təqdim edəcəyik:

Erlinq Haland (Norveç)
Dortmund “Borussiya”sının forvardı hazırda haqqında ən çox danışılan iki futbolçudan biri olmasına və qollarını həm klubda, həm də yığmada sıralamasına baxmayaraq, qitə birinciliyinə qatılmayacaq. Seçmə mərhələnin F qrupunda 3-cü yeri tutan Norveç pley-offun yarımfinalında Serbiyaya 1:2 hesabı ilə uduzdu.

Yan Oblak (Sloveniya)
Hazırda dünyanın ən dəyərli qapıçıları arasında göstərilən Oblak Sloveniyanı Avropa çempionatına daşıya bilmədi. Onun yığması seçmə mərhələdə qrup 4-cüsü oldu.

Sergey Milinkoviç-Saviç (Serbiya)
“Latsio”da 6-cı mövsümünü keçirən yarımmüdafiəçi DÇ-2018-də iştirak etsə də, komandası eyni uğuru AVRO-2020-də təkrarlaya bilmədi. Serblər pley-offun finalında Şotlandiyaya penalti seriyası ilə məğlub olaraq turnirdən kənarda qaldı.

Miralem Pyaniç (Bosniya və Herseqovina)
Mövsümün əvvəlində “Yuventus”u “Barselona”ya dəyişən orta sahə oyunçusunun formasını geyindiyi Bosniya və Herseqovina pley-off mərhələsinin yarımfinalında Şimali İrlandiya səddinə ilişdi.

Martin Odeqard (Norveç)
Norveçdə güclü nəsil yetişsə də, bu heyət də Avropa çempionatına yollanmaq üçün kifayət etmədi. İspaniya və İsveçin ardından qrupda 3-cü olan komanda pley-off matçında Serbiyadan zəif oldu.

Filip Kostiç (Serbiya)
Onun pley-offun finalında Şotlandiya ilə matçı buraxması serblər üçün böyük itki idi. Penaltilər seriyasını şotlandlar səhvsiz keçirdi və final mərhələsinə yollanmaq hüququ qazandı.

Kostas Manolas (Yunanıstan)
Manolas seçmə mərhələdə 3 oyunda meydana çıxdı. AVRO-2004-də möcüzəvi çempionluq qazanan Yunanıstan yığması son iki qitə birinciliyinə qatıla bilmədi.

Nikola Milenkoviç (Serbiya)
“Fiorentina”nın gənc müdafiəçisi seçmə mərhələdə 9 görüşdə iştirak etdi, 1 qola imza atdı. Ancaq həlledici matç onlar üçün uğursuz alınınca, xəyallar pul oldu.

Maraş Kumbulla (Albaniya)
Hazırda “Roma”nın formasını geyinən 21 yaşlı müdafiəçi gələcəyin ulduzu sayılır. Ancaq o, yığmaya çağırıldıqdan sonrakı ilk böyük turnirə qatıla bilməyəcək.

Stevan Saviç (Monteneqro)
“Atletiko”nun aparıcı oyunçularından olan mərkəz müdafiəçisi müxtəlif səbəblərdən seçmə qrup mərhələsində cəmi 2 qarşılaşmada komandasına kömək edə bildi. Qrupu qələbəsiz tamamlayan Monteneqro seçmə mərhələdə sonuncu yeri tutdu.