16:42 05-03-2021
news_image
111
FUTBOL

“Komandanın qarşısına konkret məqsəd qoyulub” - Bolinya

“Moldova ilə oyunda çox yaxşı nəticə qazandıq. Ancaq buna çətinliklə nail olduq”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin hücumçusu Bolinya Avropa çempionatının seçmə mərhələsində Moldova ilə keçirilən oyun barədə danışarkən deyib.

Yığmamızın 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada 2 qola imza atan braziliyalı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında nəticədən məmnunluğunu gizlətməyib: “Birinci hissənin əvvəli əziyyətli keçdi. İstənilən halda, çıxışımızı bu şəkildə davam etdirməliyik. Aydın məsələdir ki, bunun üçün ağır məşqlər keçirik. Amma bunu etməsək, məqsədimizə nail ola bilmərik”.

Cari seçmə mərhələdə vurduğu qolların sayını 3-ə çatdıran hücumçunun, xüsusilə də, Moldovaya vurduğu sonuncu qol diqqətçəkən olub. Matçda son nöqtəni qoyan Bolinya dubl etməsinə də münasibət bildirib: “Bu oyunda iki qol vurdum, məhsuldar ötürmə verdim. Əlbəttə, buna görə çox məmnunam. Hücumçu kimi üzərimə düşəni etməyə çalışdım. Amma nəticəni komanda şəklində qazanırıq. Komanda yoldaşlarımın hamısını təbrik edirəm. Vurduğum ikinci qol maraqlı alındı. Vaxta baxmadım, zərbəni vurduqdan sonra oyunun başa çatdığını bildirən zəng səsləndi. Yenə deyirəm, milliyə kömək edə bildiyim üçün şadam”.

O, bu rəqiblə 4 gün sonra keçiriləcək oyunun daha çətin keçəcəyini vurğulayıb: “Səfərdəki görüş buradakından çətin keçəcək. Çünki bu dəfə biz qonaq qismində meydana çıxacağıq. Moldova millisi isə doğma meydan amilindən istifadə etməyə çalışacaq. İstənilən komanda öz meydanında daha motivasiyalı olur. Yaxşı köklənməli, diqqətli olmalı, üstünlüyümüzü əldən verməməliyik. Hər epizodu qola çevirməliyik. Biz hər zamankı kimi qələbə qazanmaq üçün meydana çıxacağıq. Komandanın qarşısına konkret məqsəd qoyulub. Buna nail olmaq üçün maksimum çalışmalıyıq”.