10:24 06-03-2021
news_image
1490
FUTBOL

“Ukraynalıyam, sadəcə...” – yığmamızın sabiq futbolçusu

“Qəbələ”də oynayanda baş məşqçi Roman Qriqorçuk məni altı aylıq əvəzedici heyətə göndərdi. Əsas heyətə qaytaracağını bildirsə də, bunu etmədi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin sabiq qapıçısı Andrey Popoviç Ukrayna mətbuatına müsahibəsində deyib.

Hazırda ölkəsində “Minay” klubunun formasını geyinən 29 yaşlı qolkiper 2016-cı ildə “Qəbələ”dən necə ayrıldığını açıqlayıb: “Mövsümün sonunda rəhbərlikdən zəng gəldi, həmin vaxt Kiyevdə idim. Bilet almışdılar, qayıtmağımı istədilər və döndükdən sonra müqaviləmi ləğv etdilər. Çağırmaqlarının səbəbini soruşdum, dedilər ki, bunu üz-üzə danışmaq istəyirlər. Qayıtdım, bir az təzminat pulu verdilər, çünki birillik müqaviləm qalırdı. Ukraynaya döndükdən bir müddət sonra da “Minay”a keçdim”.

Azərbaycanla heç bir bağlılığının olmadığını söyləyən Popoviç yenidən millimizə çağırılacağına ümid edir: “Mən özüm ukraynalıyam, sadəcə pasportum var, Azərbaycan millisində oynamışam. Bu ölkə ilə çox yaxşı əlaqələrim var. Artıq üç il və ya daha uzun müddətdir dəvət almıram. Yığmaya sonuncu dəfə nə vaxt çağırıldığımı xatırlamıram. İndi bir şans var, ümid edirəm ki, martdakı toplanışda Azərbaycan millisinə dəvət alacağam. Çünki bunun üçün hər şey etmişəm”.

Azərbaycan futbolunun səviyyəsinin zəif olduğunu qəbul edən yığmamızın sabiq üzvü yalnız “Qarabağ”ı fərqləndirib: “Azərbaycan futbolunun niyə bu qədər zəif olduğu barədə nə deyəcəyimi bilmirəm. Orada maliyyə yaxşıdır. Məsələn, “Qarabağ” layiqli komandadır. Hərtərəfli inkişaf edib. Bu səviyyəyə doğru yavaş-yavaş irəlilədilər, tələsmədən baş məşqçiyə şans verdilər, pul yatırdılar. Bu komanda inkişaf etdi, ardıcıl neçə ildir çempion olur, səhv etmirəmsə avrokubokların qrup mərhələlərində iştirak edir. Hər şey onlar üçün yaxşı gedir. Bəzilərində səbir çatmır, dərhal nəticə qazanmaq istəyirlər. “Qəbələ”yə görə məyusam. Mən orada olanda Qriqorçuku dəvət etdilər, yüksək səviyyəli oyunçular gətirdilər və komanda çox yaxşı idi. Əsas hədəf çempionluq idi. Ancaq “Qarabağ” amilinə görə buna heç bir şans yox idi. Onlara qarşı görüşlərdə heç-heçə edə və ya qələbə qazana bilərdik. Ancaq digər komandalarla matçlarda xal itirdik və “Qarabağ” buna imkan vermədi. “Qəbələ”yə məxsus hər şey var: infrastruktur, meydançalar, altı məşq meydançası, komandanın yaşaması üçün ən yaxşı otel. İndi orada qalıb-qalmadıqlarını bilmirəm. Həqiqətən də, hər şey ən yüksək səviyyədədir. Komandanın düşdüyü duruma görə təəssüflənirəm”.

Ölkəmizdə “Bakı”, “Sumqayıt”, “Turan Tovuz” kimi klubların da formasını geyinən Popoviç ən pis şəraitin Tovuz klubunda olduğunu vurğulayıb: “Ən pis şərtlər “Turan Tovuz”da idi. Həmin komanda hazırda birinci divizionda çıxış edir. Birinci pillədə qərarlaşırlar, elitaya qayıtmaq istəyirlər. Bir il icarə əsasında “Turan Tovuz”da oynadım, ən pis şərtlərin orada olduğunu düşünürəm. Bəxtim gətirdi ki, pulumu icarə əsasında “Turan Tovuz”a keçdiyim komanda ödədi. Görürdüm ki, uşaqlar orada əziyyət çəkirlər, onlara pul verirdim ki, özlərinə nəsə alsınlar. Çünki orada pul ödəmirdilər. Üstəlik, Gürcüstandan 100 km aralıda bir kənd idi, getmək üçün yer yox idi. Oradakı azərbaycanlılar buna öyrəşiblər. Amma çoxlu legionerimiz var idi, bazada qalır, məşqə çıxır, nahar edir və orada vaxt keçirirdilər. Mənim “Playstation”um var idi, amma televizorları dördbucaq və qalın olduğundan oynaya bilmirdim. Orada formasını geyindiyim “Bakı” klubuna görə də təəssüflənirəm”.