14:55 06-03-2021
news_image
135
FUTBOL

“Uduzduğumuz oyunda hesab 3:4 olacaq” – millimizin rəqibi

“Birinci yer uğrunda mübarizə aparacağıq. Buna inanmalıyıq və hədəfə çatacaq keyfiyyətə sahibik”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya millisinin yeni baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə qrup mərhələsindəki şanslarını dəyərləndirərkən deyib.

56 yaşlı mütəxəssis Azərbaycan millisinin də yer aldığı A qrupu barədə fikirlərini bölüşüb. O, işlərinin asan olmayacağını söyləyib: “Hər qrupun öz dəyəri var. Bizim qrup da asan olmayacaq. Rəqiblər maksimum səviyyədə oyun tələb edir. Diqqətimi digərlərinə deyil, komandama yönəltmək istəyirəm. Portuqaliyada hər kəsin sevimlisi olan adlar var. Amma bu, bizi məğlub edəcəkləri anlamına gəlmir. Təslim olmayacağıq. Məqsəd Qətərdəki dünya çempionatına yollanmaqdır”.

Stoykoviç milli komandalarla bağlı təqvim sıxlığından da gileylənib: “Təqvim olduqca sıxdır. Eyni pəncərədə ardıcıl 3 oyun risklidir. Bu, ağıllı və məntiqli sistem deyil. Əvvəlcə hansı oyun üslubunda çıxış edəcəyimizi müəyyənləşdirməliyik. Məşqdən çox oyun olacaq. Düşünürəm ki, futbolçular buna uyğunlaşa biləcək. Son tura qədər turnir cədvəlinə önəm verməyəcəyəm. Hər matçda meydana yalnız qələbə üçün çıxacağıq. Uduzduğumuz oyunda hesab 3:4 olacaq. Meydanın özümüzə aid hissəsində oynayıb, 0:1 hesabı ilə uduzmaq istəmirəm”.

Qeyd edək ki, seçmə mərhələ çərçivəsində martın 24-də İrlandiya, 27-də isə Portuqaliyanı qəbul edəcək Serbiya yığması ayın 30-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.