16:12 08-03-2021
news_image
196
FUTBOL

Qonaqsevməzlər – Azərbaycan çempionatında

Mövsüm ərzində bütün ev oyunlarında qələbə qazanmaq nadir təsadüf olunan hadisələrdən sayılır.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatları tarixində yalnız 4 dəfə belə nəticəyə təsadüf olunub.

Qonaq komandalara qarşı meydanda “amansız” olan ev sahibləri iki eyni komanda və iki eyni mövsümdə bunu bacarıb. Söhbət 1992 və 1994/95 mövsümlərindən gedir.

Çempionatın “qonaqsevməzlər”i isə Qərb təmsilçiləridir. Bunlar “Kəpəz”lə “Turan”dır.

1992-ci ildə hər iki komanda 18 ev oyununun hamısında qələbələri sıralayıb. Həmin vaxt öz meydanında xal itirməyən qərblilərdən biri – “Turan” bürünc medal qazanıbsa, “Kəpəz” beşinci yerlə kifayətlənib.

Sayca 4-cü ölkə çempionatında eyni komandalar bu dəfə 12 matçda həmin uğuru təkrarlayıb. “Kəpəz” də “Turan” da 12 matçda qonaqları xala həsrət qoyub. Öz meydanındakı uğur hər iki komandanın turnir cədvəlinin üst sıralarında yer alması üçün kifayət edib. “Kəpəz” ilk çempionluğunu qazanıb, bir il əvvəlki titulu əldən verən “Turan” gümüşə yiyələnib.

Qeyd edək ki, sonrakı 25 ildə evdə məğlubiyyətsiz mövsüm keçirən komandalar olsa da, xal itkisindən qaça bilməyib.