18:19 08-03-2021
news_image
162
FUTBOL

“O, Messi deyil ki, ehtiyatda otura bilməsin” - Ayxan Abbasov

“Bizi çətin səfər oyunu gözləyirdi. Çünki bilirik ki, “Sabah” son pillədən qurtulmaq istəyir. Necə deyərlər yaralı aslan kimidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah”la səfər oyunundan sonra deyib.

40 yaşlı mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib: “Komandanı matça hazırlamağa çalışmışdıq. Heyətimizdə itkilər var idi. Bir neçə önəmli oyunçularımız zədələnib. Üstəlik, 4-5 gündən bir oynamaq da özünü göstərir. Ümumilikdə birinci hissədən narazı qaldım. Amma ikinci hissədəki mübarizəyə görə futbolçularıma təşəkkür elədim. İstədiyimizi görə bildik. Təəssüf ki, həm vaxt az idi, həm də yorulmuşduq. Qarşıda bizi çətin görüşlər gözləyir, mövsümün sonluğu gərgin keçəcək. Bu mübarizə yəqin ki, son turlara qədər davam edəcək. Bizim üçün çətindir, əksəriyyəti gənc oyunçulardır. İki cəzalı futbolçumuz oldu. Önəmli oyunçular var ki, onlar zədələnəndə yerlərini doldurmaq çətin olur. Amma yenə də sona qədər vuruşacağıq. Bu oyunçularla mövsümə başlamışıqsa, əl-ələ verib sona qədər mübarizə aparacağıq”.

- Elvin Bədəlov və Süleyman Əhmədov bu gün yaxşı təsir bağışlamadılar. Bunun səbəbi nə idi?
- Elə bir səbəbi yoxdur. Bəzən hansısa futbolçu oyuna qoşula bilmir. Süleyman bizim ən yaxşı oyunçularımızdandır. Ağır zədədən qayıdıb. Cinah oyunçularımızdan Tellur Mütəllimov zədəli olsa da, bu gün oynatdıq. Həmçinin Cabir Əmirli zədədən dönüb. Bu baxımdan problemlərimiz var. Birinci hissədə elə böyük problem olmadı. “Sabah”ı təhlil etmişdik, necə hücum quracağını bilirdik. Təəssüf ki, rəqib autdan başladığı hücumda penalti qazandı. Bu səhvi etməməliyik. Rəqibin elə təhlükəli imkanları da yox idi. O qədər də zəif oynamamışıq. Müasir futbolda bütün detallara fikir verməlisən. Kor-təbii oyuna çıxmaq olmaz. Matçın içində qərar vermək üçün də artırmaq lazımdır. Elvin və Süleymanın oyunu birinci hissədə alınmadı. Amma ikinci hissədə pis təsir bağışlamadılar.

- Xəyal Nəcəfovun görüşə ehtiyatda başlaması bir qədər sürpriz oldu...
- Xəyal Messi deyil ki, ehtiyatda otura bilməsin. “Sumqayıt”ın Messisi ola bilər. 4-5 gündən bir çıxış edirik. Xəyal da uzun müddət idi matçlarda 90 dəqiqə meydanda olurdu. Bir az zədədən qorxuruq. Murad Xaçayevi itirmişik. Vüqar Mustafayev sarı vərəqə alaraq cəzalı duruma düşdü. Növbəti turda orta sahədə problemlərimiz olacaq. Buna görə Xəyalın bir az dincəlməyini istədik. Onun meydana daxil olması ilə oyun dəyişdi. Ən yaxşı futbolçularımızdan biridir. Ümumiyyətlə, əvəzetmədən meydana daxil olan hər üç oyunçumuz tempin yüksəlməsinə səbəb oldular. Qolu da məhz həmin cinahdan gəldi. Belə dəyişikliklərimiz olacaq. Futbolçularımız çox yorğundurlar. Oyunları beş gündən bir keçirmək bizim kimi komandalara təsir edir. Çünki bizim elə büdcəmiz də yoxdur ki, bir günə transfer edə bilək. Buna görə də çətin olur.