18:33 08-03-2021
news_image
129
FUTBOL

“Yaxşı oynayan tərəf biz idik” - Visente Qomes

“Bu gün bərabər səviyyədə oyun keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının XIX turunda “Sumqayıt”la keçirilən oyundan sonra deyib.

İspaniyalı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan görüşün ardından mətbuat konfransında fikirlərini bölüşüb: “Birinci hissəyə daha çox nəzarət edən, yaxşı oynayan tərəf biz idik. İkinci hissədə rəqib daha yaxşı çıxış etməyə başladı. “Sumqayıt”ın ön xətt oyunçuları səhvimizdən istifadə edərək hesabı bərabərləşdirdi”.

- Sizə elə gəlmir ki, qol vurduqdan sonra tez geri çəkildiniz?
- Qoldan sonra yox, deyə bilərəm ki, ikinci hissədə top saxlaya bilmədik. Buna görə də, geridə oturmalı olduq.

- Futbolçularınızda komanda kövrəkliyi, psixoloji qırılmalar sanki tez yaşanır. Bu nədən qaynaqlanır?
- Bunun olduğunu mən dəqiq deyə bilmərəm. Bunu oyunçulardan soruşmaq lazımdır. Amma son 6 matçda 3 dəfə hesabda önə keçməyimizə baxmayaraq, bunu qoruyub saxlaya bilməmişik. Məni narahat edən məqamlardan biri budur. 

- Orta sahə oyunçularınız, xüsusən də, dayaq yarımmüdafiəçiləriniz müdafiə ilə arada məsafəni çox saxladılar ki, bu da rəqibə ciddi boşluqlar verdi...
- Birinci hissədə vəziyyətə daha yaxşı nəzarət etdik, rəqibə imkan vermədik. Buraxılan qol isə qırılma nöqtəsi oldu. Ondan sonra dediyiniz məqamda problemlər yaşadıq. Fasilədə paltardəyişmə otağında da demişdim ki, belə hallar yanaşa bilər, buna nəzarət edək. Tapşırıq vermişdim ki, rəqib o zonada topu rahat qəbul etməsin.