20:18 08-03-2021
news_image
105
FUTBOL

“Uduzsaq da, oyun bizim hücumlarımız şəraitində keçdi” - Sənan Qurbanov

“Futbolçuların durumu psixoloji cəhətdən gərginləşir. Çünki əlimizə düşən 7-8 imkandan yararlana bilmirik. Bu da oyunçuların ustalıq səviyyəsinin o dərəcədə olmadığını göstərir”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi” ilə oyundan sonra deyib.

“Bakcell Arena”da baş tutan qarşılaşmada qəsəbə təmsilçisi 1:3 hesabı ilə məğlub olub.

Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Uduzsaq da, oyun bizim hücumlarımız şəraitində keçdi. “Neftçi”nin usta futbolçuları səhnəyə çıxıb şansı dəyərləndirdilər. Edəcəyimiz bir şey yoxdur. Hücumçuya ehtiyacımız var. Hücumçu, təbii ki, qol vurmalıdır. Bunu bacarmadığı zaman da minimum ehtiyatda qalır. Son anda kobud səhvdən qapımızda qollar görürük. Bundan əvvəlki oyunda da, bu gün də qapıçımız kobud səhvə yol verdi. Balaca səhvlərdən 3 xalı əldən veririk”.