11:42 14-08-2008
news_image
388
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı dünya çempionu olmağa yaxındır

Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin Qaziantep şəhərində təşkil olunan 20 yaşadək şahmatçılar arasında dünya çempionatında XI turun oyunlarına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan şahmatçılarından qızıl medal qazanmaq şansını yalnız Eltac Səfərli saxlayır. Təmsilçimiz hesabat turunda Alexandro Ramiresi (Kosta Riko) məğlub edib. Xallarının sayını 8-ə çatdıran E.Səfərli üçüncü pilləyə yüksəlib. Liderdən yarım xal geri qalan həmvətənimiz bu gün filippinli Su Uesli ilə qarşılaşacaq. Fəxri kürsüyə yüksəlmək şansı azalan Rauf Məmmədov 7, Vasif Durarbəyli 6,5, Orxan Abdulov 6, Bəhruz Rzayev 5 isə xal toplayıb. Qızların yarışına qatılan şahmatçılarımızdan da yalnız biri liderlər qrupunda qərarlaşıb. Hesabında 7,5 xal olan Nərmin Kazımova sona iki tur qalmış medal qazanmaq şansını saxlayır. Türkan Məmmədyarova (6,5 xal) və Xəyalə İsgəndərova (5,5 xal) üçün isə son oyunlar formal xarakter daşıyacaq.