15:13 09-03-2021
news_image
1963
FUTBOL

“Ramil Şeydayevi artıq “sındırıblar”, belə bir futbolçumuz yoxdur” – Vaqif Cavadov

“Ramil Şeydayevi artıq “sındırıblar”, belə bir futbolçumuz yoxdur”.

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

Moskva MOİK-inin yetirməsi olan sabiq hücumçu Rusiyadan ölkəmizə gələn və hazırda “Sabah”ın formasını geyinən Ramil Şeydayevin düşdüyü duruma münasibət bildirib. Cavadov üç gün əvvəl “Sabah-2”nin heyətində birinci divizionda meydana çıxan və qırmızı vərəqə alan 25 yaşlı forvardı klub rəhbərliyinin bu vəziyyətə gətirdiyini söyləyib: “Ramil Şeydayev Rusiyadan “Sabah”a gələndə formada deyildi. Amma bu komandanın heyətində ilk matçında 89 və ya 90-cı dəqiqədə meydana çıxdı. Yəni “Sabah” ilk gündən Ramil Şeydayevi “sındırdı”. Futbolu dərk edən adamlar cüzi nüansları da görə bilirlər. Rusiyadan transfer olunmuş millinin əsas hücumçusunu son dəqiqədə meydana buraxırsansa, onu “sındırmış” olursan. Hazır deyilsə, meydana buraxma”.

Başqa bir məqama da toxunan “Qarabağ”ın keçmiş oyunçusu Premyer Liqada iştirak edən futbolçunun birinci divizionda meydana çıxmasını doğru hesab etmir: “Harada görülüb ki, Premyer Liqa üçün sifariş olunan futbolçu eyni zamanda gedib birinci divizionda da oynayır? Axı bunlar tam başqa liqalardır. Uzağa getməyək, qonşu Türkiyə və Rusiyanın yüksək liqasında çıxış edən oyunçu həm də birinci liqada oynaya bilərmi? Bunlar analoqu olmayan bir şeylərdir. Bu düşüncə ilə “Qarabağ” 5-6 futbolçusunu həm birinci divizionda, həm də Premyer Liqada rahat oynada, hər iki yarışda da çempion ola bilər. Şeydayev niyə “Sabah-2”nin heyətində qırmızı vərəqə aldı? Çünki ruhdan düşüb. Bəlkə də, qəsdən alıb ki, bir də onu aşağı liqaya göndərməsinlər. Milli üzvü hara, birinci divizion hara? Bu cür xırdalıqları futbol adamları yaxşı bilirlər. Ola bilsin ki, indiki klub rəsmiləri bunu başa düşmürlər. Çünki onların futbola aidiyyəti yoxdur”.

Niderlandda “Tvente”, Rusiyada “Volqa”, Türkiyədə “Qaziantep BB”, “Boluspor” kimi klublarda legioner həyatı yaşamış Cavadov Azərbaycan çempionatına gəlməyi geriyə atılmış addım saymır: “Mən Rusyadan gələndən sonra “Qarabağ”da oynadım və “Tvente”yə getdim. Məni heç kim ora məcbur göndərməyib ki. Özləri bəyənib, təklif ediblər. Azərbaycan çempionatına gəlmək bataqlığa düşmək demək deyil”.