19:33 09-03-2021
news_image
259
FUTBOL

“Bu sualı Rəşad Sadıqova versəniz, yaxşı olar” - Qurban Qurbanov

"Bizim üçün vacib oyun idi. Hər iki komanda istəkli oynadı. İlk yarıda 2:0 öndə idik. İkinci hissə asan keçmədi"

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XIX turunun “Zirə” ilə ev oyunu barədə fikirlərini açıqlayıb. Qurbanov 2:0 hesablı qələbədən razı qalıb: "Hücum futbolu oynamaq istədik. Qələbəyə görə razı qaldım. "Zirə"yə, Rəşad Sadıqova uğurlar arzulayıram. Ola bilər ki, Xayme Romeronun zədəsi ciddi deyil, yorğunluqla bağlıdır. Hazırda tam dəqiq deyə bilməyəcəm. Abdullah Zubir özünü yaxşı hiss etmirdi. Bir az xəstə idi. Ona görə start heyətdə meydana buraxıb risk etmədik".

Qurbanov çempionluq uğrunda mübarizədə hər xalın önəm daşıdığını vurğulayıb: “Hər oyun bizim üçün narahatlıq yaradır. Zirvə üçün yaraşırıqsa, hər xal vacibdir. "Neftçi" ilə həmişə rəqabətimiz olub. İl boyu daim qələbə olmur. Komanda bəzən formadan uzaq düşür. Bu gün çox ciddi rəqabət var. Hər iki komandada da xal itkisi ola bilər. Sonadək mübarizə aparacağıq. Qismətimizdə varsa, çempion olacağıq. Biz Rəşadla bir-birimizə qarşı oynayanda belə, həddindən artıq aqressiv oyun gedir. "Zirə" tək bizə yox, digər klublara qarşı da aqressiv oynayır. Rəşad Sadıqovun gəlişindən sonra komanda fərqli olub. O, elə məşqçi və adam deyil ki, kiməsə nəyisə göstərsin. Hər matç çox vacibdir. Bizim düşünmədiyimiz nəticələr ola bilər. Növbəti matç "Sabah"a qarşıdır. Hələlik bu oyunu düşünəcəyik. Musa Qurbanlının çıxışı barədə sualı Rəşad Sadıqova versəniz, yaxşı olar. Bütün futbolçularımdan tam razı qalmamışam. Musa da öz üzərində çox işləməlidir".