19:36 09-03-2021
news_image
2004
FUTBOL

"Şikayət etmirəm, ancaq...” – Rəşad Sadıqov

“Oyuna diqqətlə baxıb analiz etmək lazımdır. "Qarabağ" əlinə düşən fürsətdən belə istifadə edirsə, mübarizə aparmaq çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

39 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının XIX turunun “Qarabağ”la görüşündən sonra mətbuat konfransına qatılıb. Sadıqov 0:2 hesablı məğlubiyyətə şərh verib: “Rəqibin ustalığına və potensialına bələd idik. Oyuna nəzarət onlarda idi, amma 100 faizlik şansları olmadı. Məyusuq, lakin "Qəbələ" ilə oyunu düşünməliyik. Rəqibin pressinqini də nəzərə almaq lazımdır. Belə edəcəklərini bilirdik".

Sadıqov bildirib ki, ilk yarıda buraxılan qollar planlarını pozub: “İkinci hissə daha inamlı oynamağı planlaşdırırdıq. Düşünürdük ki, ilk hissə 0:0 hesabıyla bitsəydi, rəqib də artıq tələsəcəkdi. İki zərbə oldu, onlar da qolla nəticələndi. Rəqib inamlı şəkildə pressinq edirdi və bizdə top itkilərinə səbəb olurdu. İkinci hissədə oyuna nəzarət etdik”. 

Onun sözlərinə görə, oyunu çevirmək mümkün olmayıb, qol epizodu yarada bilməyiblər: “Ümid edirəm ki, Klesio Baukun zədəsi ciddi olmaz. "Qarabağ" hər il Çempionlar Liqasında oynayır. Biz orada oynamağa hazır deyilik. Bu gün "Qarabağ"ın çoxlu qol imkanları olmadı. 2 top gəldi və qolla nəticələndi. Rəqib qol şansından belə istifadə edirsə, ona qarşı qələbə qazanmaq çox çətin olur. Həqiqətən, aldıqları zədələr fiziki hazırlıqla bağlı deyil. Bizdə baxırsan ki, yıxılır çiyni çıxır, bu gün Klesio qaçdığı yerdə ayağı burxuldu. Sıx qrafikdə oynamaq çətindir. Yanvar ayında bizim proqramımız dəyişdi. Gərək bu qrafik tərtib olunanda həm milli, həm də klublar nəzərə alınsın. Sıx qrafikdə heyətimiz kasad olduğu üçün oynamaq çətindir. Ağabala zədədən qayıtmışdı, onu qorxa-qorxa oynadıram. Şikayət etmirəm, ancaq çalışacağıq ki, bu vəziyyətdən çıxaq. Son oyunlarda yaxşı çıxış edirdi. Lakin bu gün ondan narazı qaldım. İlk 5 dəqiqədə onun cinahından təhlükəli hücumlar gəldi. Məhz buna görə narazı qaldım. İmkanım olsaydı, 20-25-ci dəqiqədə dəyişərdim. Lakin mən belə şeyləri sevmirəm. Özünə də demişəm, bu gün ondan çox narazı qaldım. Potensialı var, ancaq bu gün nəsə özünə bənzəmirdi”.