09:23 10-03-2021
news_image
440
FUTBOL

“Azərbaycana getmək istəmirdim” – “Sabah”ın legioneri

“Avropa Liqası cəlbedici, prioritet idi. Bu üzdən “Keşlə”nin xeyrinə seçim etdim”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın ukraynalı yarımmüdafiəçisi Dmitri Klots mövsümün əvvəlində “Keşlə”yə keçməsi barədə danışarkən deyib.

Ölkəsinin mətbuatına müsahibə verən 25 yaşlı orta sahə oyunçusu ötən yay “Karpatı”nı “Keşlə”yə dəyişməsinin səbəbini belə izah edib: “Azərbaycana getmək istəmirdim. Ukrayna Premyer Liqasından eyni anda dörd təklifim var idi. Amma başa düşdüm ki, Premyer Liqada artıq 100-dən çox oyun keçirmişəm və rahatlıq zonamdan çıxmaq, yeni ölkədə, şəhərdə, komandada özümü sınamaq qərarına gəldim. “Keşlə”dən təklif aldım. Komanda üçüncü yeri tutmuş, Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmışdı. Avrokuboklarda oynamaq mənə maraqlı gəldi. Çünki “Karpatı”dakı son illərimdə yalnız yaşamaq üçün mübarizə aparmışam. Özümü Avropa arenasında sınamaq üçün yeni, daha ciddi çağırış axtarırdım. Yeni bir ölkəyə getmək maraqlıdır. Heç vaxt legioner olmamışdım, bunu da yaşamaq istədim”.

Qeyd edək ki, Dmitri Klots “Sabah”a qış fasiləsində “Keşlə”dən keçib.