10:06 10-03-2021
news_image
318
FUTBOL

“Bura istefa vermək üçün gəlməmişəm” – ÇL-də baş məşqçi fikirləri

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, artıq iki 1/4 finalçının adına aydınlıq gəlib.

Dünən baş tutan qarşılaşmalardan sonra “Porto” və Dortmund “Borussiya”sı yoluna davam edir. Əvəzində “Yuventus” və “Sevilya” kimi klublar mübarizəni dayandırıb.

Matçlardan sonra komandaların baş məşqçiləri fikirlərini bölüşüb.

“Yuventus” – “Porto” – 3:2
Andrea Pirlo (“Yuventus”un baş məşqçisi):
“Təbii ki, Çempionlar Liqasında qalmağı üstün tutardım. Ancaq bu vəziyyətə düşdüyümüz üçün əlimizi yanımıza salmayacağıq, çatışmazlıqlar üzərində çalışacağıq. Hələ mart ayıdır, qarşıda gərgin oyunlarımız var. Hazırda “Yuventus”un baş məşqçisiyəm, bura bir oyunda uduzduqdan sonra istefa vermək üçün gəlməmişəm. Daha geniş aspektdən baxıram, uzunmüddətli inkişaf layihəmiz var”.
Serjio Konseysao (“Porto”nun baş məşqçisi): “Bu cür matçlar klubun tarixinə düşür. Planımı mükəmməl şəkildə həyata keçirən çox cəsarətli oyunçulardan ibarət komandam var. Böyük futbolçuları olan rəqiblə qarşılaşırdıq. Bizim üçün çətin idi, ancaq “Yuventus”a da çətin anlar yaşatdıq. Bizdə uğura bir dəqiqə də inamsızlıq olmamışdı. Bu, “Porto”nun qanında var”.

“Borussiya” (Dortmund) – “Sevilya” – 2:2
Edin Terziç (“Borussiya”nın baş məşqçisi):
“1/4 finala adladığımız üçün gözəl hisslər keçiririk. Nəticədən və sərgilənən oyundan məmnun qaldıq. Uşaqlarla fəxr edirik. Bunlar vacib matçlardır, sona qədər mübarizə apardıq. “Borussiya” həmişə Avropanın ilk 8 komandası sırasına düşə bilmir. Buna görə də nailiyyətimizlə qürur duyuruq”.
Xulen Lopeteqi (“Sevilya”nın baş məşqçisi): “Mərhələ adlaya bilərdik. Komanda əla oynadı, yaxşı hücumlar qurduq, düzgün müdafiə olunduq. Oyunun böyük hissəsi bizim nəzarətimizdə keçdi. Çox az adam bizi zəif oyun, xaraktersizlik və ya qələbə qazanmaq istəməməklə ittiham edə bilər. Hesab 0:2 olanda da ümidimizi itirmədik. Bu səbəbdən kollektivdə xarakterin və qətiyyətin ən yüksək səviyyədə olduğunu düşünürəm”.