11:34 10-03-2021
news_image
599
FUTBOL

“Top-5” liqa və Azərbaycan çempionatı – “Neftçi” “Bavariya”dan öndə

Koronavirus pandemiyası səbəbindən oyunların azarkeşsiz keçirilməsi ev-səfər anlayışının da üstündən xətt çəkib.

Apasport.az saytının məlumatına görə, azarkeş təzyiqi olmadığından, səfər komandaları istənilən rəqibi büdrədə bilir.

Avropanın “böyük beşlik” ölkələri olan İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A seriyası, Almaniya Bundesliqası və Fransa Liqa1-də cari mövsüm səfərdə ən çox xal toplayan komandaların adları müəyyənləşib.

Müqayisə üçün Azərbaycan Premyer Liqasında bu baxımdan rəqiblərini üstələyən komandanı da araşdırdıq. Beləliklə...

A seriyası: “Milan” - 34 xal
40 yaşlı Zlatan İbrahimoviçin lideri olduğu “rossonyerlər” 13 səfər görüşünün 11-də qələbə qazanıb və yalnız 1 dəfə meydanı məğlub tərk edib. A seriyasında çempionluğa iddia edən “Milan” “Top-5” liqalar arasında səfərdə ən çox xal toplayan komandadır.

Premyer Liqa: “Lester” – 34 xal
“Lester”i də səfər komandası saymaq olar. Komanda Premyer Liqada lider “Mançester Siti”dən 12 xal geri qalsa da, səfərdə topladığı xallara görə hamını qabaqlayır. Brendan Rocersin yetirmələri 15 belə qarşılaşmanın 10-da qələbə qazanıb, 4-də xalları yarı bölüb.

Liqa1: “Lill” – 30 xal
Fransa çempionatına liderlik edən “Lill” səfərdə yığdığı xallarda da üstündür. Komanda cari mövsüm 13 dəfə qonaq olub ki, bunun 9-da qalib gəlib, 3-də bərabərə qalıb və passivində cəmi 1 məğlubiyyət var. 

La Liqa: “Atletiko” – 29 xal
İspaniya La Liqasında turnir cədvəlinə başçılıq edən “Atletiko” 12 səfər görüşünün yalnız 1-də uduzub. Dieqo Simeonenin kollektivi digər matçlarda 9 qələbə, 2 heç-heçəyə imza atıb.

Bundesliqa: “Bavariya” – 25 xal
Hazırda Avropanın ən güclü komandası sayılan “Bavariya” səfərdə toplanan xallara görə “böyük beşlik” liderləri arasında sonuncudur. Münhenlilər Bundesliqada 55 xaldan 25-ni qonaq olduğu oyunlarda əldə edib. 12 səfər matçının 8-də qələbə qazanan “Bavariya” 1 dəfə heç-heçə edib, 3 dəfə məğlub olub.

Premyer Liqa: “Neftçi” – 19 xal
19 turdan sonra Azərbaycan çempionatına başçılıq edən “Neftçi” səfərdə keçirdiyi 9 görüşdə 19 xal toplayıb. Bakı təmsilçisi 6 qələbə qazanıbsa, 1 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb. “Ağ-qaralar” səfər matçlarında mümkün olan xalların 70 faizini toplayıb. Bakı təmsilçisi bu, “Bavariya”nın göstəricisindən də üstündür.