11:49 10-03-2021
news_image
414
FUTBOL

Üç yubiley – “Qarabağ”da

Azərbaycan Premyer Liqasının XIX turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “Zirə” ilə səfər matçı (2:0) Filip Ozobiç, Xayme Romero və Abbas Hüseynovun yubileyin oyunu kimi tarixə düşüb.

2018-ci ilin yayından Ağdam klubunda çıxış edən Ozobiç 75-ci dəfə “Qarabağ”ın formasını geyinib. O, çempionatda 47, kubokda 4, avrokuboklarda 24 dəfə meydana çıxıb. Xorvatiyalının debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı görüşündə (1:0) reallaşıb. Yarımmüdafiəçi 75 matçda 22 qol vurub.

Ağdam klubuna bir il sonra gələn Xayme 50-ci dəfə “Qarabağ” forması geyinib. İspaniyalı legioner bu müddətdə 26 çempionat, 4 kubok və 20 avrokubok qarşılaşmasında şans qazanıb. Onun ilk matçı 2019-cu il iyulun 10-da Albaniyada “Partizani”yə qarşı olub. Çempionlar Liqasının görüşü qolsuz bitib. Romero 11-ci qolunu “Zirə”nin qapısından keçirib.

Legionerlə müqayisədə daha tez - 2017-ci ilin yayında “Qarabağ”a keçən Abbas Premyer Liqada 50-ci dəfə ağdamlıların şərəfini qoruyub. 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşü (3:1) onun klubundakı ilk çempionat matçı olub. Abbas 4 mövsüm ərzində 1 qola imza atıb.