10:04 11-03-2021
news_image
102
FUTBOL

“Rəqib əsl nəhəng idi” – ÇL-də baş məşqçi fikirləri

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, gözlənildiyi kimi, PSJ və “Liverpul” yoluna davam edən komandalar olub.

Cavab matçına səfərdə çıxan “Barselona” və “Leypsiq” isə mübarizəni dayandırıb. Görüşlərdən sonra komandaların baş məşqçiləri təəssüratlarını bölüşüb.

PSJ - “Barselona” – 1:1
Mauritsio Poçettino (PSJ-nin baş məşqçisi):
“180 dəqiqəlik mübarizədə 5:2 hesablı qələbə ilə irəlilədiyimiz üçün çox xoşbəxtik. 1/4 finala yüksəlmək PSJ üçün vacibdir. Ötən matçla müqayisədə planlaşdırdığımız qədər aqressiv deyildik. Fasilədə oyun planında bəzi dəyişiklik etdik, ancaq ümumilikdə bu cür startdan narazıyam. Fasilədə etdiyimiz dəyişikliklər daha yaxşı nəticəyə kömək etdi. Keylor Navas qurtarışları ilə dünyanın ən yaxşı qapıçılarından biri olduğunu sübut edən fantastik oyun keçirdi. O, növbəti mərhələyə yüksəlməyimizə böyük töhfə verdi”.
Ronald Kuman (“Barselona”nın baş məşqçisi): “Mübarizədən kənarlaşdırıldığımız üçün çox üzüldük, amma bu görüşdə PSJ-yə çətinlik yaratdıq. İlk hissədə əla çıxış etdik, fasiləyə 2:1 hesabı ilə öndə yollanmağa layiq idik. Əgər bu baş versəydi, hər şey başqa cür ola bilərdi. Risk aldıq, təzyiq göstərdik, üstünlük qazandıq və kifayət qədər şans yaratdıq. Ancaq bunlardan yararlanmadıq. Messi gələcəyi ilə bağlı qərarı özü verəcək, ona heç kim bunda kömək etməyəcək. Amma Leo komandanın düzgün istiqamətdə olduğunu görür. Etdiyimiz dəyişiklikləri və böyüyən gənc futbolçu sayını nəzərə alsaq, bu komandanın gələcəyinə şübhə ola bilməz. Prezidentimiz başda olmaqla hər kəs fəxr edə bilər. Əsl keyfiyyətimizi göstərdik, ilk saniyədən sona qədər qələbə qazanmaq istəyən “Barselona” gördük”.

“Liverpul” – “Leypsiq” – 2:0
Yurgen Klopp (“Liverpul”un baş məşqçisi):
“Premyer Liqadakı uğursuzluqlardan sonra fərqli bir şey sınamalı idim. Müdafiədə əla iş gördük, uşaqlar çox yaxşı oynadılar. Bacardığımız ən vacib amil “Leypsiq”in keyfiyyətli oyun göstərməməsi idi. Rəqib əsl nəhəng idi - necə işlədiklərini gördüm. Ancaq çox yaxşı müdafiə olunduq. Əsas yük Fabinyonun üzərinə düşürdü. Uzun ötürmələrin qarşısını həm o, həm də müdafiəçilərimiz əla aldılar”.
Yulian Naqelsmann (“Leypsiq”in baş məşqçisi): “Yetərincə yaxşı oynamadıq. Son zərbəni vurmaq çatışmırdı. Bundesliqa və Almaniya kubokundakı emosiyanı qoruya bilmədik. İkinci hissə daha yaxşı keçdi, ancaq kifayət qədər şans yaratmadıq. Futbolçular da insandır. Bu gün optimal səviyyəni göstərmədilər, buna görə məğlub olduq. Ancaq buna ilişib qalmaq olmaz. Bir az kədərlənə bilərik. Ancaq 20 saat sonra bu düşüncələri bir kənara qoyub bütün diqqətinizi çempionat və kuboka yönəltməliyik”.