10:59 11-03-2021
news_image
193
FUTBOL

Bundestimi çalışdırmağa namizədlər – Lövü kim əvəz edəcək?

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yayda keçiriləcək AVRO-2020-dən sonra postunu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqı indidən bu vəzifəyə namizədləri müəyyənləşdirməyə başlayıb.

Yerli futbol ictimaiyyəti artıq bir neçə məşqçini namizəd kimi göstərib. Siyahıdakı mütəxəssislər bunlardır...

Yurgen Klopp
Hazırkı iş yeri: “Liverpul”
Müqavilə müddəti: 2024-cü il
“Liverpul”un cari mövsüm Premyer Liqadakı uğursuz çıxışı səbəbindən postu laxlayan Klopp istefaya göndərilərsə, Bundestimin sükanı arxasına keçməyi düşünə bilər.

Hans-Diter Flik
Hazırkı iş yeri: “Bavariya”
Müqavilə müddəti: 2023-cü il
Flik 8 il Almaniya millisində Lövün köməkçisi kimi çalışıb. Üstəlik, “Bavariya”ya keçməzdən əvvəl Almaniya Futbol İttifaqının idman-direktoru idi.

Ralf Ranqnik
İşsizdir
“Leypsiq”də uzun illər həm idman direktoru, həm də baş məşqçi kimi fəaliyyət göstərən 62 yaşlı mütəxəssis yeni macəraya hazırdır.

Yulian Naqelsmann
Hazırkı iş yeri: “Leypsiq”
Müqavilə müddəti: 2023-cü il
33 yaşlı Naqelsmann yayda Lövü əvəz etsə, Almaniya millisi tarixinin ən gənc çalışdırıcısı olacaq. Ancaq buna o qədər də həvəsli deyil. Çünki son açıqlamasında hər gün iş başında olmaq arzusunda olduğunu dilə gətirib.

Stefan Kuntz
Hazırkı iş yeri: Almaniyanın U-21 yığması
Müqavilə müddəti: 2023-cü il
Kuntz 1996-cı ildə futbolçu kimi Avropa çempionu olub. 2017-ci ildə isə gənclər yığmasına bu sevinci yaşatdı. Karyera baxımından digər namizədlərdən geri qalsa da, Bundestimi çalışdırmağa ən real namizədlərdən sayılır.

Lotar Matteus
İşsizdir
1990-cı ildə Almaniya ilə dünya çempionluğunu qazanan Matteus sonuncu dəfə 2010-11-ci illərdə Bolqarıstan yığmasına rəhbərlik edib. Hazırda Almaniyada SKY-da çalışan mütəxəssis yenidən məşqçiliyə qayıtmağın əleyhinə deyil.

Armin Veh
İşsizdir
“Ştutqart”ın əfsanəsi sonuncu dəfə 2017-2019-cu illərdə “Köln”ü çalışdırıb. Bəzi mütəxəssislər 60 yaşlı Vehin yaxşı iş prinsipinə malik olmasından və soyuqqanlı olmasından ağızdolusu danışır.

Lusyen Favre
İşsizdir
Almaniya millisini indiyə qədər əcnəbi məşqçi çalışdırmayıb. Ancaq Dortmund “Borussiya”sının sabiq baş məşqçisi ilki reallaşdıra bilər. Onun “Borussiya”dakı parlaq dönəmi və gənclərlə işləmək üstünlüyü milliyə yolunu aça bilər.

Arsen Venger
Hazırkı iş yeri: FİFA Qlobal Futbol İnkişafı direktoru
Venger DÇ-2022-nin final mərhələsi üçün Qətərə komanda aparmaq istədiyini etiraf edib. Bu mənada Bundestimdə çalışmaq təklifini rədd etməz.

Yurgen Klinsmann
İşsizdir
1990-cı ildə dünya çempionatının, 1996-cı ildə isə Avropa çempionatının futbolçu kimi qalibi olan Klinsmannın məşqçilik karyerası istədiyi kimi alınmadı. Amma namizədlər arasında olmaması üçün bir səbəb yoxdur.

Miroslav Kloze
Hazırkı iş yeri: “Bavariya”da köməkçi-məşqçi
Müqavilə müddəti: 2021-ci il
Almaniya tarixinin ən məhsuldar hücumçularından olan Kloze Lövün yerinə keçə biləcək şəxslərdəndir. 42 yaşlı mütəxəssisin bu sahədə böyük təcrübəsi olmasa da, “Bavariya”da işi ilə kifayət qədər rəğbət qazanır. Gənc və enerjili olması, üstəlik millidə gəncləşdirmə prosesi aparılması bu sürpriz təyinata səbəb ola bilər.