11:58 11-03-2021
news_image
242
FUTBOL

“40”ı çıxaranlar – ADLAR

Futbolda ən böyük məqsəd, şübhəsiz ki, hər matçda qol və ya qollar vurmaqdır.

Apasport.az saytının məlumatına görə, bunun üçün də fantastik hücumçun olmalıdır.

Futbol tarixində müxtəlif dövrlərdə belə qolçular olub. Bəziləri hətta ardıcıl bir neçə mövsüm rəqib qapıçılarının qorxulu röyasına çevrilib. Bu yazıda məhz ardıcıl bir neçə mövsüm 40 qol səddinə çatan futbolçuları təqdim edəcəyik.

Lionel Messi – 10 mövsüm
Ardıcıl 10 mövsüm 40-dan çox qol vuran argentinalının uğurlu seriyası ötən mövsüm 31 qolla qırılıb. Düzdür, o, əvvəlki mövsümlərlə müqayisədə az oyun keçirib. Bəlkə də, bu amil onun “40”a çatmasına mane olub.

Kriştianu Ronaldo – 8 mövsüm
Ronaldo 2018-ci ildə “Yuventus”a keçməyib “Real”da qalsaydı, bəlkə də, indi siyahıya başçılıq edirdi. Portuqaliyalı superulduz “Real”dakı ilk mövsümə 40 qola çatmasa da, sonrakı 8 mövsümdə rəqibləri minimum 40 dəfə məyus edə bilib.

Cimmi Makqreqor – 6 mövsüm
Makqreqor 14 il formasını geyindiyi “Seltik”də 520 qol vuraraq hələ də təkrarlanmayan rekorda imza atıb. O, 1925-26 mövsümündən başlayaraq ardıcıl 6 mövsüm 40-dan çox qol vurub. Amma seriyanın qırıldığı mövsüm rəqib qapılarından 30 top keçirib.

Robert Levandovski – 5 mövsüm
Son illərin ən qolçu futbolçusu sayılan polşalı seriyanı 6 mövsümə çıxarmağa çox yaxındır. “Bavariya”nın forvardı mövsümün qalan hissəsində zədələnməyib 3 qol vursa, siyahıda bir pillə irəliləyəcək.

Jozef Biscan – 5 mövsüm
Əksər yerlərdə futbol tarixinin ən məhsuldar oyunçusu kimi qələmə verilən Biscan 1943-44 mövsümünə qədər ardıcıl 5 mövsüm bunu reallaşdırmağı bacarıb. Lakin 76 qolla tamamladığı həmin mövsümdən sonrakı il 36 qol vuraraq seriyanı davam etdirə bilməyib.

Pele – 5 mövsüm
Futbol tarixinin ilk superulduzu kimi qəbul edilən Pele karyerasının böyük hissəsini aşağı yaş qruplarında yetişdiyi “Santos”da keçirib. Avropada heç vaxt futbol oynamayan “kral” 1961-ci ildən başlayaraq, ardıcıl 5 mövsüm 40 qol səddini keçə bilib.