12:29 11-03-2021
news_image
110
FUTBOL

Daha 5 rekord vurdu – Çempionlar Liqasında

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland qolçuluq bacarığını davam etdirir.

Apasport.az saytının məlumatına görə, gənc forvard Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Sevilya” ilə qarşılaşmada dubl edərək, bu turnirdə daha 5 rekorda imza atıb.

Cəmi 20 yaşı olduğunu nəzərə alsaq, onun qarşıdakı illərdə hələ çox rekord qıracağını əminliklə söyləmək olar. “Sevilya” ilə son görüşdə yenilədiyi rekordlar isə aşağıdakılardır:

- 20 yaşlı Haland ÇL-də artıq 20 qol səddinə çatıb. Bunu cəmi 14 matçda reallaşdırdığını nəzərə alsaq, öz rekordunu hələ yaxşılaşdırmaq imkanı da var.

- 20 il 7 ay 19 günlüyündə 20 ÇL qoluna çatan Norveç millisinin üzvü bu baxımdan da turnirin tarixinə adını qızıl hərflərlə yazdırıb. Çünki bunu həyata keçirən ən gənc qolçudur.

- Çempionlar Liqasında debüt etdiyi ötən mövsüm 8 oyunda 10 qol, 1 assistlə yadda qalan Haland cari mövsüm bu göstəriciyə 6 matçda çatıb. O, karyerasının ilk iki mövsümündə 10 qola çatan ilk oyunçudur.

- “Sevilya” ilə hər iki oyunda dubla imza atan Erlinq Avropanın ən nüfuzlu klub turnirində bundan əvvəlki iki görüşdə də 2 dəfə fərqlənib. Beləliklə, o, Çempionlar Liqasında ardıcıl 4 qarşılaşmada dubl edən ilk futbolçu olmağı bacarıb.

- Digər rekordla isə o, Norveç tarixinə düşüb. Hazırda “Mançester Yunayted”i çalışdıran Ole-Qunnar Sulşer vaxtilə “qırmızı şeytanlar”ın heyətində Çempionlar Liqasında vurduğu 19 qolla ən məhsuldar norveçli idi. Amma Haland cəmi 20 yaşında, 14 oyunda rekordu ələ keçib.