13:14 11-03-2021
news_image
152
FUTBOL

Alman nümunəsi – AFFA üçün

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin tapşırığı ilə AFFA ölkə xaricində Azərbaycanla bağlılığı olan-olmayan bir çox futbolçunun milliləşdirilməsi üçün danışıq aparır.

Apasport.az saytının məlumatına görə, xaricdə oynamayan futbolçumuzun olmadığı bir dönəmdə Azərbaycan Premyer Liqası ilə kifayətlənməyən italiyalı mütəxəssis AFFA-nın milliləşdirmə ənənəsini sürətləndirərək yığmaya namizədlərin sayını artırmaq istəyir. 
İstər AFFA-nın, istərsə də klublarımızın oyunçu yetişdirməkdə maraqlı olmaması çalışdırıcını bir növ buna vadar edir. Halbuki əksər ölkələrdə yerli futbolçulara gəlmələrdən daha çox dəyər verilir.

Hər nə qədər müqayisə olunmaz dərəcədə böyük fərq varsa belə, Almaniya yığmasını buna nümunə göstərmək mümkündür. Əfsanəvi alman Berti Foqts uzun müddət millimizə rəhbərlik etsə də, o da bura gəldikdən sonra öz fəlsəfələrini aşılamaq əvəzinə bizimkilərlə eyni “havaya oynadı”.

Yayda keçiriləcək AVRO-2020-dən sonra Almaniya yığmasından ayrılacağını açıqlayan Yoahim Löv isə 2006-cı ildən çalışdırdığı Bundestimdə bir çox futbolçuya debüt etmək imkanı verib. Düzdür, onlar arasında alman olmayanlar da var. Məsələn, Jerom Boatenq Qana, İlkay Gündoğanla Məsut Özil isə Türkiyə əsillidirlər. Ancaq unutmayaq ki, bizimkilərin digər ölkə nümayəndələrinin yetişdirdiklərinə göz qoymasından fərqli, almanlar yalnız öz yetirmələrinə, futbolun sirlərini məhz bu ölkədə öyrənənlərə “qucaq açıb”.

Almaniya mətbuatı isə Lövün milliyə qazandırdığı ən böyük ulduzlardan ibarət simvolik “11-lik” seçib. Siyahıya baxdıqda Almaniya futbol məktəbinin yetirmələrinin səviyyəsi bir daha ortaya çıxır. Həmin adlarla müqayisə etdikdə Azərbaycan yığması üçün Almaniyadan bəh-bəhlə milliləşdirilən futbolçuların heç 7-8-ci dərəcəli oyunçu olmadıqları görülür.

Lövün dönəmində ilk dəfə Almaniya yığmasına çağırılan və ulduzu parlayan futbolçulardan ibarət rəmzi “11-“lik”:

Qapıçı: Manuel Noyer
Müdafiəçilər: Mats Hummels, Jerom Boatenq, Niklas Süle
Yarımmüdafiəçilər: Joşua Kimmix, Toni Kroos, İlkay Gündoğan, Məsut Özil, Marko Roys
Hücumçular: Tomas Müller, Timo Verner