10:06 14-03-2021
news_image
202
FUTBOL

Yaponiyada 36, Azərbaycanda 21 - Azər Məmmədovdan Rəşad Sadıqovadək

Bu həftə yapon futbolçu Kadzuesi Miuranın özü üçün 36-cı mövsümə başlaması ilə əlamətdar olub.

Apasport.az saytı Yaponiyanın “Yokoqama” klubunun veteran hücumçunun Azərbaycan analoqlarının siyahısını tərtib edib.

Söhbət 1992-ci ildən keçirilən və 29-cu mövsümü hazırda davam edən ölkə çempionatlarından gedir. Azərbaycanın da öz rekordçuları var.

Azər Məmmədov – 21 mövsüm
Futbolumuzda bu ad-soyada malik üç futbolçu olsa da, onlardan ən məşhuru Gəncə məktəbinin yetirməsidir. 1992-ci ildəki ilk çempionatdan 2012/13 mövsümünədək müxtəlif klublarda oynamış müdafiəçi baş tutmayan 2002/03 mövsümünü itirib.

Mahmud Qurbanov – 20 mövsüm
Azərbaycan futbolunun ən titullu siması uzun illər birgə çıxış etdiyi Azərdən bir mövsüm geri qalır. Bu da yarımmüdafiəçinin karyerasına bir mövsüm tez son verməsi ilə bağlıdır.

Aslan Kərimov – 19 mövsüm
Rekordçular kimi ilk milli çempionatdan ölkə stadionlarında top qovan futbol veteranı ardıcıl 19 mövsüm meydana çıxıb. Azərdən 2, Mahmuddan bir il öncə çıxışını başa vurub.

Kənan Kərimov – 19 mövsüm
O, ölkə çempionatında ən çox mövsüm keçirən hücumçudur. Aslan kimi Kənan da 1992-ci ildən 2010/11 mövsümünədək iş başında olub.

Aqil Məmmədov – 19 mövsüm
Qurbanov kimi 1992-ci ildən 2011/12 mövsümünədək çempionatda çıxış edən yarımmüdafiəçi bir deyil, iki mövsümü boşa verib. O, təkcə baş tutmayan 2002/03 mövsümündən yox, həm də aşağı liqada oynadığı 2010/11 mövsümündən kənarda qalıb.

Rauf Mehdiyev – 19 mövsüm
İlk milli çempionatı görən qapıçı üçün də son oyun 2011/12 mövsümünə təsadüf edib. Aqil kimi onun da karyerasında meydana çıxmadığı çempionat – 1993/94 mövsümü olub.

Cahangir Həsənzadə - 19 mövsüm
Debütü yalnız 5-ci çempionata təsadüf edən qolkiper 1995/96 mövsümündən 2014/15 mövsümünədək çıxış edib. Baş tutmayan 2002/03 mövsümünün saymasaq onun çempionat karyerasında fasilə olmayıb.

Elşən Poladov – 19 mövsüm
2015/16 mövsümünədək Premyer Liqada iştirak edən qapıçının debütü 1996/97 mövsümündə reallaşıb. O, da siyahıdakı əksər futbolçular kimi bu müddətdə daim yarışda iştirak edib.

Fərhad Vəliyev – 19 mövsüm
19 mövsümün iştirakçısı olan 4 qapıçı arasında bu göstəriciyə çatan sonuncu veteran. Daha gec – 1997/98 mövsümündə debüt edən qolkiper son matçını 2017/18 mövsümündə keçirib. Lakin Fərhad baş tutmayan 2002/03 mövsümünədək yarımçıq qalan 2001/02 futbol ilini da boşa verib.

Rəşad Sadiqov – 19 mövsüm
1998/99 mövsümündə debüt edən yarımmüdafiəçi cari çempionatda da sifariş vərəqinə daxil edilib. Köməkçi məşqçilərdən olan Rəşad hələlik 20-ci mövsümünə çıxmaq şansı qazanmayıb. O, təkcə baş tutmayan mövsüm yox, həm də 1999/2000 və 2018/19 mövsümlərindən də kənarda qalıb.

Rəşad Sadıqov – 19 mövsüm
Sabiq müdafiəçi XXI əsrdə ən çox mövsüm keçirən futbolçudur. Hazırda “Zirə”ni çalışdıran veteran 3-cü minillikdə başa çatan 2000/01 mövsümündə debüt edib və son matçını ötən çempionatda keçirib.