00:01 12-03-2021
news_image
127
FUTBOL

La Liqada ən çox oyun keçirən əcnəbiləri – “Real”ın

Bütün dövrlərin ən güclü klubu, şübhəsiz ki, “Real”dır.

Apasport.az saytının məlumatına görə, Madrid klubunun azarkeşləri yenə də hər il qatıldıqları bütün turnirlərdən qızıl medal gözləyir.

“Kral klubu” əksər gənc futbolçuların arzusu olsa da, onun heyətində möhkəmlənmək heç də asan deyil. Xüsusən də, əcnəbi futbolçular əsas heyətin daimi üzvünə çevrilmək üçün fantastik işlər görməlidir.

“Real” tarixinə adını qızıl hərflərlə yazdıran futbolçulardan biri də Kərim Benzemadır. İspaniya La Liqasının XXVI turunda “Atletiko” ilə görüşdə meydana çıxan fransalı forvard madridlilərin heyətində ölkə çempionatında ən çox oyun keçirən əcnəbi futbolçu rekordunu yeniləyib. Üstəlik, Kərim həmin gün son dəqiqə qolu ilə komandasını məğlubiyyətdən də xilas edib.

Bəs “Real”ın heyətində La Liqa tarixində ən çox matçda iştirak edən futbolçular kimlərdir?

1. Kərim Benzema – 371 oyun
Fransalı forvard əvvəlki rekordçu Roberto Karlosdan daha uzun müddət “kral klubu”nda olmasına baxmayaraq, onu yenicə keçə bildi. Klub rəhbərliyi son illər hücum xəttinə çox sayda oyunçu gətirsə də, heç biri Benzemanı yerindən tərpədə bilmədi.

2. Roberto Karlos – 370 oyun
Braziliya millisinin sabiq üzvü “İnter”dən keçdiyi “Real”da oyunu ilə dünyanın ən güclü sol cinah müdafiəçisinə çevrildi. 11 il La Liqa təmsilçisinin formasını geyinən Karlos zirvəni “Real”ın “Atletiko” ilə son matçında əldən verdi.

3. Marselo – 366 oyun
Karlosdan sonra müdafiənin sol cinahının daha bir daimi sakini. Marselo ilk dəfə 18 yaşında madridlilərin formasını geyinib. Əslində hazırda siyahının zirvəsində yer ala bilərdi. Ancaq cari mövsüm əsas heyətdəki yerini itirməsi buna mane oldu. Marselonun yenə də irəliləmək şansı davam edir.

4. Kriştianu Ronaldo – 292 oyun
2009-cu ildə dünyanın ən bahalı transferi kimi “Mançester Yunayted”dən alınan portuqaliyalı superulduz “Real”da bütün qol rekordlarını qırmağı bacardı. 2018-ci ildə “Yuventus”a keçən CR7 La Liqadakı 9 mövsüm ərzində 292 görüşdə 311 qola imza atdı.

5. Luka Modriç – 256 oyun
Xorvatiyalı ulduz futbolçu hazırda karyerasını “Real”da davam etdirir. Ancaq yaşının çox olması səbəbindən mövsümün sonunda ayrılması gözlənilir. Bu baş verməsə, Modriç gələn mövsüm Ronaldonu geridə qoya bilər.

6. Rafael Varan – 230 oyun
Varan 2011-ci ildə “Real”a keçəndə 11 yaşı var idi. Zinəddin Zidanın kəşfi olan fransalı müdafiəçi Pepeni heyətdən sıxışdırmağı bacardı və hazırda da Serxio Ramosla birlikdə müdafiənin mərkəzində tandem təşkil edir.