09:49 12-03-2021
news_image
4012
FUTBOL

“Ayaks”ın vingeri və 2 həmyerlisi – AFFA-nın Niderland siyahısı

Avropanın müxtəlif ölkələrində Azərbaycan, Türkiyə və İran əsilli futbolçuların milliləşdirilməsi prosesini davam etdirən AFFA-nın maraq dairəsində olan daha 3 oyunçunun adına aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, assosiasiya Niderlandda çıxış edən gənc futbolçularla bağlı araşdırma aparır.

Qurum konkret olaraq “Ayaks”ın vingeri Tunahan Taşçı, “Utrext”in hücumçusu Özcan Yaşar və “Alkmaar”ın yarımmüdafiəçisi Emir Biberoğlunu diqqətdə saxlayır. Klublarının əvəzedici heyətində çıxış edən hər üç futbolçu Türkiyə əsillidir. Adıçəkilən gənclər hətta Türkiyənin aşağı yaş qrupu üzrə yığmalarına da çağırılıb.

AFFA-nın skaut heyəti Tunahan, Özcan və Emirin çıxışını müntəzəm izləyir. Hətta hazırda icarə əsasında “Telstar”da çıxış edən gənclər millimizin üzvü Ozan Can Kökçü də futbolçularla danışıqlar zamanı onları razı salmaqda yardım edə bilər.

Qeyd edək ki, Tunahan və Özcanın 19, Emirin isə 20 yaşı var. AFFA onları ilk olaraq U-21 yığması üçün milliləşdirməyi planlaşdırır. Hər üç futbolçu hazırda formasını geyindiyi klubun akademiyasının yetirməsidir.