14:52 12-03-2021
news_image
135
FUTBOL

Mövsümü uğursuz keçirən son çempionlar – “5-lik”

Adətən çempion komanda növbəti mövsümün də favoriti sayılır.

Apasport.az saytının məlumatına görə, bəzi hallarda son çempion bir il sonra heç kimin gözləmədiyi halda uğursuz nəticələr göstərir.

Bu yazıda da ötən mövsüm çempion olan və hazırda ölkə çempionatında yaxşı günlər keçirməyən 5 komandaya göz gəzdirəcəyik.

“Seltik”
Ötən mövsüm 80 xalla Şotlandiya çempionu olan “Seltik” cari mövsüm 32 oyunda 68 xal toplaya bildi. “Reyncers”lə aradakı xal fərqi 20-yə yüksəlincə əzəli rəqibi - Stiven Cerrardın yetirmələri 10 illik fasilədən sonra çempionluğu rəsmiləşdirdi.

“Porto”
Keçən mövsüm 82 xalla qızıl medallara layiq görülən “Porto” hazırda Portuqaliya çempionatında 3-cü pillədə qərarlaşır və lider “Sportinq”dən 10 xal geri qalır. Çempionlar Liqasında 1/4 finala yüksələn Serjio Konseysaonun kollektivinin 22 turdan sonra aktivində 48 xal var.

“Yuventus”
Ardıcıl 9 mövsümdür A seriyasında zirvədən düşməyən “qoca sinyora”nın seriyası qırılmaq üzrədir. Turin təmsilçisi 25 matçda cəmi 52 xal toplaya bilib. “İnter” və “Milan”dan geridə olan və liderdən 10 xal az toplayan “Yuve” əvvəlki illərlə müqayisədə heç də uğurlu mövsüm keçirmir. Üstəlik, komanda Çempionlar Liqasında da mübarizəni erkən dayandırıb.

“Liverpul”
2019/20 mövsümündə uzun müddət məğlub olmayan və sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirən “Liverpul” 30 illik həsrətə son qoymuşdu. Heyətini daha da gücləndirən “qırmızılar”ı zədəlilərin çoxluğu məhv etdi. Xüsusən də, müdafiədəki problemi həll edə bilməyən Yurgen Kloppun komandası hazırda 43 xalla 8-ci pillədədir.

“Başakşəhər”
İstanbul təmsilçisi keçən mövsüm 69 xalla tarixində ilk Türkiyə çempionluğunu qazandı. Mövsümlərarası fasilədəki transferlərlə yenə favorit sayılırdı. Ancaq biabırçı nəticələr baş məşqçi Okan Burukun da istefasına səbəb oldu. “Başakşəhər” indi Super Liqanın 16-cısıdır.