17:02 12-03-2021
news_image
213
FUTBOL

Dörd onillikdə oynayanlar – Rəşad Sadıqovun bir ili çatmadı

Futbolçu karyerasında 10 il o qədər də az müddət sayılmır.

Apasport.az saytının məlumatına görə, bəzi oyunçular hətta 20 ilə yaxın yaşıl meydanlardakı çıxışını davam etdirir.

Ancaq dörd onillik görmək üçün hətta 20 ildən çox peşəkar futbolda qalmaq şərtdir ki, bunu da bacarmaq üçün minimum 40 yaşa qədər karyeranı davam etdirməlisən. 1990-cı illərin sonlarında ilk peşəkar matçına çıxıb 2021-ci ildə də yaşıl meydanlara ayaq basanlar müxtəlif ölkələrdə azsaylı da olsa mövcuddur.

Məşhur simalardan isə yalnız iki nəfər həm 1990, həm 2000, həm 2010, həm də 2020-ci illərdə çıxış edib. Türkiyəli Əmrə Belözoğlu, ispaniyalı Aritz Aduriz, paraqvaylı Klaudio Pizarro, ingiltərəli Qaret Berrinin bunu reallaşdırması üçün yalnız bir ili çatmayıb. Elə hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov da 4 onillikdə çıxış edə bilərdi. Bunun üçün ötən il karyerasını başa vuran “Qarabağ”ın sabiq kapitanı cəmi 1 il də futbolçu kimi çıxış etməli idi.

Bunu bacaran məşhurlar isə “Yuventus”un qapıçısı Canluici Buffon və “Milan”ın hücumçusu Zlatan İbrahimoviçdir. A seriyası tarixində ən çox oyun keçirən futbolçu olan 43 yaşlı Buffon hələ də çərçivədə dayananda rəqib hücumçuların işini çətinləşdirməyi bacarır.

40 yaşlı İbrahimoviç isə 1999-cu ildən bəri şərəfini qoruduğu komandaların qolçusu olmağı bacarır. İsveçli nəinki 4 onillikdə oynayıb, hətta bunun hamısında qol da vurub.