22:01 14-03-2021
news_image
158
FUTBOL

Debüt şansı gözləyən “6-lıq” – de Byazidən

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində bu ay keçirəcəyi oyunlarda bir neçə futbolçu debüt edə bilər.

Apasport.az saytının məlumatına görə, martın 24-də Portuqaliya ilə qarşılaşmada konkret olaraq 6 oyunçu baş məşqçi Canni de Byazidən ilk dəfə forma şansı gözləyəcək.

Bunlar “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov, “Zirə”nin müdafiəçisi Sərtan Taşkın, “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev, yarımmüdafiəçisi Toral Bayramov, “Minay”ın yarımmüdafiəçisi Anatoli Nuriyev və “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevdir. Onlardan Cənnətov və İsayev əvvəlki toplanışlara dəvət alsalar da, yığmada meydana çıxmayıblar.

Qeyd edək ki, millimiz martın 24-də və 30-da seçmə mərhələ çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya ilə, 27-də isə yoldaşlıq görüşündə Qətərlə qarşılaşacaq.