22:06 15-03-2021
news_image
117
FUTBOL

Benzema ikinciliyə yüksəlir - “100”ü keçənlər

“Real”ın hücumçusu Kərim Benzema avrokuboklarda ən çox oyun keçirən ikinci fransalı futbolçu olmağa çox yaxındır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun bunun üçün martın 16-da Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atalanta” ilə cavab matçında meydana çıxması kifayət edəcək.

Madriddəki qarşılaşmada iştirakına şübhə edilməyən Benzema bununla Avropa arenasında 130-cu görüşünə çıxacaq və Klod Makeleleni geridə qoyaraq, ikinci pilləni ələ keçirəcək.

34 yaşlı forvard həmyerlilərindən yalnız Tyerri Anridən geri qalır. “Real”ın əzəli rəqibi “Barselona”da oynamış Anri avrokuboklarda 140 görüşdə meydanda olub.

129 oyunun 125-ni Çempionlar Liqasında keçirən Benzema bu turnirin dördqat qalibidir. O, eyni zamanda 3 dəfə də UEFA Superkubokunu qazanıb.

Avrokuboklarda 100 oyun səddini keçən fransızlar:
1. Tyerri Anri - 140 oyun
2. Klod Makelele - 129
3. Kərim Benzema - 129
4. Patris Evra - 124
5. Zinəddin Zidan - 120
6. Frank Riberi - 117
7. Rober Pires - 117
8. Metyu Valbuena – 114