00:00 16-03-2021
news_image
366
FUTBOL

Vaqif Sadıqov, Tərlan Əhmədov və Leonardo Yardim – gözlənilməz qərarlar

Futbolda uğursuz çıxışdan sonra baş məşqçi istefası adi haldır.

Apasport.az saytının məlumatına görə, bəzi hallarda hətta komanda uğurlu çıxış etdiyi dönəmdə rəhbərlik gözlənilmədən analoji addıma əl atır.

Əlbəttə ki, baş məşqçi dəyişikliyi heç də hər zaman müsbət nəticələnmir. Uğurlu çıxış edən komandaya gətirilən yeni çalışdırıcı daha yaxşısını etməyə məcburdur.

Bunun Azərbaycanda nümunələri heç də az deyil. Məsələn, 1995/96 mövsümündə “Neftçi” Vaqif Sadıqovun rəhbərliyi altında 13 turda 37 xal toplasa da, gözlənilmədən onun yerinə Kazbek Tuayev gətirildi. Yekunda da “ağ-qaralar” mövsümü çempion kimi başa vurdu.

Yaxın keçmişdə Tərlan Əhmədovun “Neftçi”yə bürünc medal qazandırmasını xatırlamaq olar. 2017/18 mövsümündə son pillələrdə qəbul etdiyi komandanı 3-cü yerə daşıyan Əhmədov yola salındı. Onun əvəzinə gətirilən italiyalı Roberto Bordin isə növbəti mövsüm flaqmana gümüş mükafat qazandırdı.

Avropada uğurlu çıxış etdiyi bir vaxtda göndərilən bəzi baş məşqçilərə göz gəzdirək...

Bruno Genesio
Genesio 10 il formasını geyindiyi “Lion”a 2015-ci ildə baş məşqçi təyin olundu. Dörd il PSJ-yə ən yaxşı müqavimət göstərən komanda “Lion” oldu. Genesionun qurduğu kollektiv hazırda Liqa1-də çempionluğa oynayır.

Yens Keller
Bundesliqa II-də sıradan bir komanda olan “Union” baş məşqçi postuna Yens Kelleri gətirdi. Komandanı həmin vaxt elitaya daşıya bilməsə də, hazırkı “Union”un təməlini məhz o qoyub. Bundesliqa təmsilçisi artıq avrokuboklara vəsiqə barədə düşünür.

Leonardo Yardim
2016/17 mövsümündə “Monako”nu Fransa çempionu edən Leonardo Yardim 2012/13 mövsümündə “Olimpiakos”un sükanı arxasında olub. Prezidentlə yola getməyən portuqaliyalı mütəxəssis yarım mövsüm sonra klubdan ayrıldı. Yardim istefa verəndə turnir cədvəlinə başçılıq edən komanda ən yaxın izləyicisini 10 xal qabaqlayırdı.

Naycel Pirson
2008-2010-cu illərdə “Lester”i çalışdıran Pirson bir il sonra yenidən komandanın sükanı arxasına gətirildi. Onun təyinatı zamanı komanda Çempionşipdə 12-ci pillədə idi. Bir neçə cəhdin nəticəsi olaraq 2014-cü ildə “Lester” Premyer Liqaya yüksəldi. 2014/15 mövsümündə komanda son turlarda qazandığı möcüzəvi qələbələrlə elitada qaldı. Mövsümün sonunda onunla yollarını ayıran rəhbərlik bu posta Klaudio Ranyerini gətirdi. İtaliyalı mütəxəssis daha böyük möcüzə edərək, 2015/16 mövsümündə “Lester”ə tarixinin ilk çempionluğunu qazandırdı.