14:12 15-03-2021
news_image
3376
FUTBOL

Ramazanovdan şok ittihamlar: “Millidə baş məşqçi var? Heyəti özləri qururlar” - MÜSAHİBƏ

“Zirə”nin hücumçusu Ağabala Ramazanovun qardaşı və meneceri, ötənlərin tanınmış hücumçusu Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. 30 nəfərlik siyahıda qardaşınız Ağabala Ramazanova yenidən etimad göstərilməməsi təəccüblü gəlmədi?
- Bilirsiniz, bunların hamısı sifarişlidir. Bu gün məşqçi kateqoriyası almaq üçün oxumaq da vacib deyil. Kim istəyirsə sifariş edə bilir. Hamısının başında duran AFFA-nın vitse-prezidenti Elxan Məmmədovdur. O nə qədər AFFA-da qalacaq, Azərbaycanda futbol olmayacaq. Yığmanın məşqçi korpusunda olan Arif Əsədov öz qohumu olan Coşqun Diniyevi yığmaya çağırıb. Vallah, gülməli vəziyyətdir. Bu yaxınlarda veteran futbolçuların iştirakı ilə geniş mətbuat konfransı təşkil edəcəyik, hamımız öz sözümüzü deyəcəyik. Bunların hamısının sonu var. Elxan kimilər Azərbaycan futbolunu məhv edib. Onlar orada qalmamalıdırlar. Lazım olsa, yuxarı instansiyalara da yazacağıq. Əvəzediciyə göndərilən, əsas heyətə düşə bilməyənlər milliyə çağırılır. Buradan görünür ki, sifarişdir. Sifarişlə futbol olar?

- İddia edirsiniz ki, millinin heyətinə sifarişlə futbolçu çağırılır. Yəni Canni de Byazinin baş məşqçi kimi sözü keçmir?
- Millidə baş məşqçi var? Heyəti özləri qururlar. Yadınıza gəlirsə, bir ara Namiq Ələsgərovu milliyə çağırmırdılar. İctimaiyyət bir az narazılıq elədi, sonra dəvət elədilər. Hansı baş məşqçidən danışırsınız? İtaliyalı da burada bir az fokus göstərib gedəcək.

- Ağabalanın milliyə çağırılmamasının səbəbi barədə heç maraqlanmısınız?
- Səbəb göz önündədir, prinsip aparırlar. Çünki Zaur sözün düzünü deyir, ona görə də Ağabala yığmaya çağırılmır.

- Yəni sizə görə qardaşınız “yanır”?
- Bəli. Milli heç kimin atasının evi deyil, Azərbaycanındır. Millidə prinsip aparmazlar. O vaxt da Şahin Diniyev prinsip apardı, başıma oyun açdılar. Eyni şeyi Ağabalanın başına gətirirlər. Bəzi klub rəhbərlərinə baxanda hər şey aydın olur. Axı Azərbaycan futbolunda nə ediblər ki, indi klub prezidenti işləyirlər? Gətiriblər Azərbaycan futboluna, birini bir kluba, digərini başqasına rəhbər qoyurlar. İstəmirlər ki, futbolçu nəticə versin. Çünki belə olsa, həmin oyunçuları tərifləyəcəklər. Elxan Məmmədov necə istəyir, o cür də fırladır.

- Uğursuzluqlardan nə qazanc əldə edə bilərlər axı?
- Onların da axırı gəlib çatıb. Hər şeyin bir sonu var. Azərbaycanda kifayət qədər 17-18 yaşlı istedadlı uşaqlar var. Sadəcə, üzə çıxara bilmirlər. Bu cür işləməklə futbolçu yetişdirmək olar? Bu gün gedək istənilən balaca uşaqdan soruşaq ki, Ağabala milliyə çağırılmalıdırmı? Hamısı deyəcək ki, birbaşa əsas heyətdə oynamalıdır. Amma bunlar öz fikirlərində qalırlar. Mənim tərifləməyimə ehtiyac yoxdur, bütün Azərbaycan görür ki, Ağabala milliyə layiqdir.

- Yığmaya çağırılmadığı zaman qardaşınız həvəsdən düşmür?
- Xeyr, heç vecinə də deyil. Özünə də demişəm ki, mənim başıma gətirdiklərini indi sənə edirlər. Nə vaxt dəvət edərlər, canla-başla oynayar. Amma milli kiminsə özəl şirkəti deyil. O forma uğrunda həmişə mübarizə aparmaq lazımdır. Futbolçu özünü siyahıya əlavə edir. Camaatı güldürürlər. Elxan Məmmədov 12 ildir AFFA-dadır. Azərbaycan futbolu yavaş-yavaş deyil, təpəsiüstə aşağı düşüb.

- Ağabala özünü təsdiq etmək üçün heç ölkə xaricinə çıxmaq fikrinə düşüb?
- Ağabala xaricə çıxmalı olsaydı, çoxdan gedərdi. Özünün belə bir niyyəti yoxdur. O mənim kimi kənarda yaşaya bilmir. Əgər getmək istəsə, günü sabah istənilən xarici ölkədə gedib oynayar. Sadəcə, özü getmək istəmir. Uşağı da balacadır, ona görə ölkə daxilində oynayır.

- AFFA son vaxtlar milliləşməyə namizədlərin siyahısını tutur, onlarla danışıq aparır. Bu o məna verir ki, ölkə daxilində futbolçu yoxdur?
- Milli üçün xaricdən futbolçu axtarırlar. Gör nə gündədirlər ki, öz materialları ilə işləyə bilmirlər. Kimlərəsə göstərirlər ki, ordan-burdan oyunçu yığırıq. Sadəcə, asan yol axtarırlar. Kiməsə pasport verirlər, 1-2 oyundan sonra deyirlər ki, qaytar, yaxşı yol. O qədər belə şeylər görmüşük. İnandırım sizi, düzgün iş getsə, Azərbaycanda bacarıqlı uşaqlar çoxdur. Mən özüm gəzib baxıram. Hətta 2-3 nəfər var, onlara təmənnasız, bir qəpik almadan xüsusi məşq keçirəm. Həmin uşaqlar gələcəkdə böyük futbolçu ola bilərlər. İstedadlarını görürəm, ürəyim ağrıyır.

- UEFA-nın A kateqoriyasını oxusanız da, ala bilmədiniz. Hətta bu məsələ böyük qalmaqala səbəb oldu...
- Məşqçi kateqoriyası var ki, kimə verilib, kimə verilməyəcəyinə Elxan Məmmədov qərar verir. Hətta məşqçilik kursunu oxumadan kateqoriya alan da var. Bir də baxırsan ki, həmin adama kateqoriya verilir. Soruşursan, bu necə oldu? Cavabları belə olur ki, Elxan müəllim dedi. Sonra da deyirlər ki, UEFA-nın tələbləri belə... O ki qaldı mənə, oxumağa gedəndə dedim ki, yazı-pozu ilə aram yoxdur. Bildirdilər ki, problem yoxdur, sənin ad-sanın var. Gedib oxudum. Kursa rəhbərlik edənlər axı mənə nə öyrədəcəklər? Osman Rəhimov mənə hansı dərsi keçəcək? Mənim ayağımla verdiyim ötürməni o əli ilə verə bilmir. Digərləri də Elxan Məmmədov nə deyirsə, onu edirlər. Bu üzdən mənim üçün bu gün kateqoriya çox da önəmli deyil. Ondansa özümə bir futbol məktəbi açaram, məşqçiləri də yığaram ora.

Ruslan Sadıqov