16:08 15-03-2021
news_image
168
FUTBOL

İki ildə bitən 8 seriya – “Şükrü Saraçoğlu”da

Türkiyə Super Liqasının XXX turunda öz meydanında “Gənclərbirliyi”yə 1:2 hesabı ilə məğlub olan “Fənərbaxça” çempionluq yarışında ciddi zərbə alıb.

Apasport.az saytının məlumatına görə, Ankara təmsilçisi bununla 21 illik həsrətə son qoyub.

Ümumiyyətlə, adətən öz meydanında keçilməzliyi ilə seçilən “Fənərbaxça” son iki ildə “Şükrü Saraçoğlu”da uğursuz nəticələr göstərir. Bu da bir çox seriyanın qırılmasına səbəb olur.

Bu yazıda son iki ildə “Şükrü Saraçoğlu” tilsimini qıran komandaların adlarını qeyd edəcəyik.

“Trabzonspor” – 1:3
Ötən mövsüm Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab oyununda 3:1 hesablı qələbə qazanan “Trabzonspor” 23 ildən sonra Kadıköydə ilk dəfə rəqibini məğlub etdi. Buna qədər sonuncu belə uğur 1997-ci il avqustun 23-də yenə eyni hesabla əldə edilmişdi.

“Qalatasaray” – 1:3
21 il ərzində əzəli rəqibinə öz meydanında boyun əyməyən “kanarya”nın seriyası keçən mövsüm qırıldı. Komanda bu mövsüm də evində “cim-bom”a 0:1 hesabı ilə uduzdu.

“Gənclərbirliyi” – 1:2
Sonuncu pillədəki “Gənclərbirliyi” önündə 1:0 önə keçən “sarı-lacivərdlilər” sonda meydanı məğlub tərk etdi – 1:2. Sonuncu dəfə 2000-ci il mayın 5-də bu stadionda qələbə üzü görən “Gənclərbirliyi”, nəhayət ki, tilsimi qırdı.

“Göztəpə” – 0:1
Bu mövsüm baş tutan Super Liqa matçında 1:0 hesablı qələbə qazanan “Göztəpə” 2000-ci ilin aprelindən bəri ilk dəfə buna nail oldu.

“Beşiktaş” – 3:4
Düz 15 il əvvəl “Şükrü Saraçoğlu”da 4:3-lük qalibiyyət əldə edən “Beşiktaş” həmin vaxtdan yaranan tilsimi yenə 4:3 hesabı ilə qırdı.

“Sivasspor” – 1:2
Ötən mövsümə təsadüf edən matçda “Fənər” doğma arenasında “Sivasspor”a yenmildi. 7 illik həsrətə son qoyan sivaslılar turnir cədvəlində də rəqibini üstələyərək Avropa Liqasına yollanmışdı.

“Konyaspor” – 0:2
Cari mövsüm baş tutan görüşdə “Fənərbaxça”nın sabiq çalışdırıcısı İsmail Kartalın rəhbərlik etdiyi “Konyaspor” istanbulluları 2 cavabsız topla üstələdi. Bu, Konya təmsilçisinin 4 illik həsrətini başa çatdırdı.

“Yeni Malatyaspor” – ilk dəfə
Bu mövsümə təsadüf edən qarşılaşmada “Yeni Malatyaspor” “Fənər”i 3:0 hesabı ilə məğlub etdi. Bununla “sarı-lacivərdlilər” tarixində ilk dəfə Malatya klubuna uduzdu.