17:27 15-03-2021
news_image
167
FUTBOL

“Çox sevindim” – “Neftçi”nin yeni transferi

“Dünən “Səbail”lə oyuna baxdım. Yaxşı oyun keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Keysuke Honda Azərbaycan Premyer Liqasının XX turunda “Səbail” üzərində 4:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

Qarşılaşmanı tribunadan izləyən yaponiyalı oyunçu qələbədən məmnunluq hissi duyduğunu söyləyib: “Səhv etmirəmsə, bu mövsüm heç kimə 4:0 hesabı ilə qalib gəlməmişdik. Hücum planında komandama hansı köməkliyi göstərə biləcəyimi gördüm. Müdafiəçilərimizə və qapıçımıza görə də çox sevindim. Təəssüratlarımı komanda yoldaşlarım və baş məşqçimlə bölüşdüm. Komandamız çox qol imkanları yaratdı və böyük hesabla qalib gəldi”.

Fiziki durumunun qaydasında olduğunu bildirən yaponiyalı futbolçu milli komandalara görə yaranmış fasilədən yaxşı yararlanacağını söyləyib: “Fiziki durumum yaxşıdır. Düzdür, futbolda heç kim zəmanət verə bilməz. Kifayət qədər yaxşı formadayam. Digər müsbət məqam odur ki, növbəti oyuna qədər vaxtımız var. Həmin matça qədər komanda yoldaşlarımı və məşqçimi daha yaxından tanıyacağam”.

Honda mövsümün sonunda komandada qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Hazırda əsas prioritetim qarşıdakı iki aydır. Gələcəkdə nə olacağını heç kim bilmir. Yalnız öz oyunuma köklənirəm. Mövsüm bitsin, gələcəyə baxacağıq”.