09:39 16-03-2021
news_image
180
FUTBOL

Ağabala Ramazanov yığmaya dəvət almamasından danışdı - MÜSAHİBƏ

"Zirə" klubunun futbolçusu Ağabala Ramazanovun müsahibəsi

- Artıq Premyer Liqada 20 tur arxada qalıb. Komandanızın çıxışını necə dəyərləndirirsən?
- Ümumi götürsək, mövsüm bizim üçün yaxşı keçir. Hər oyunda müsbət nəticə qazanmağa çalışırıq. Komandamız günü-gündən daha da inkişaf edir. Zamanla hər şey daha da yaxşı olacaq. 

- Qəbələ səfərində qazanılan bir xal qaneedicidir?
- Qəbələ səfəri həmişə çətin olub. Bu komanda çempionatın ən maraqlı komandalarındandır. Xüsusən evdə çox yaxşı oynayırlar. Məncə, məğlub da ola, qələbə də qazana bilərdik. Son dəqiqələrdə qazandığımız xal bizi sevindirir.

- “Zirə” son 3 oyunda qalib gələ bilməyib. Bu mənada millinin oyunlarına görə fasilənin yaranmağı yerinə düşdü, yoxsa əksinə?
- Çempionatımızda hər bir komanda ilə oyun gərgin və çətin keçir. Düşünürəm ki, hazırda çox yaxşı mübarizə var. Biz də hər oyunda maksimum nəticə qazanmaq istəyirik. Bu, bəzən alınır, bəzən isə yox.  Bizim üçün hər yaranan fasilə şansdır. Bundan maksimum istifadə etməyə çalışacağıq.

- Son zamanlar demək olar ki, bütün komandalar hakimlikdən şikayət edir. Sizin mövqeyiniz necədir?
- Hakimlər də səhvə yola verə bilər. Çünki çox qısa zamanda qərar verməlidirlər. Biz təkrara baxandan sonra hansısa epizodda hakimin düz və ya səhv qərar verdiyini görürük. Onlar isə meydanda yerindəcə dərhal qərar verir. Hansısa razılaşmadığımız epizodlar olur. Bütün hallarda hansısa qərarın qərəzli olaraq əleyhimizə verildiyini düşünmürəm. Mənim hakimliklə bağlı etirazım yoxdur.

- Çexiyanın “Banik” klubu ilə danışıq aparmağın düzdür? Belə bir həvəsin, istəyin var?
- Xeyr, heç kimlə belə söhbət olmayıb. Hazırda fikrimi komandamın oyunlarına yönəltmişəm.

- Milli komandaya bu dəfə də çağırılmamağın gözlənilməz oldu. Canni De Byazinin qərarına münasibətin necədir?
- Bütün futbolçular kimi mən də millidə çıxış etmək istəyərdim. Açığı, yığmaya çağırılacağımı gözləyirdim.  Amma təəssüf ki, dəvət almadım. Baş məşqçinin qərarıdır və bütün hallarda normal qarşılayıram. Peşəkar futbolçuyam, öz işimi görürəm.

- Milliyə dəvət almamağın haqsız hesab edənlər də az deyil. Buna münasibətin necədir?
- Təkrar edirəm ki, mən peşəkar futbolçuyam, başımı aşağı salıb öz işimi görürəm. Nə vaxt çağırılsam, canla başla oynamağa hazıram.

- Millimizdən seçmə mərhələdə nə gözləmək olar? Bu qrupda nəsə edə bilərik?
- Milli komandamızı qarşıda çətin oyunlar gözləyir. Proqnoz vermək istəmirəm. Amma istərdim ki, komandamız hər oyunda müsbət nəticə qazandırıb, bizi sevindirsin. Komandamıza uğurlar arzulayıram. Ən yaxşı nəticələri arzu edirəm.

Mənbə: qol.az