10:52 16-03-2021
news_image
653
FUTBOL

“Qarabağda da düşmənləri mələtdik!” – Böyük xatirəsi

Vaxt çox tez keçir. Bir göz qırpımında illər bir-birini əvəzləyir. Yaş ötdükcə 365 gün insanın gözündə bir ay kimi görünür...

Demək olar hər həftə zəng edərdi. Çox diqqətcil idi. Hal-əhval tutandan sonra həmişə soruşardı: “Niyə belə edirlər, biz kimə neyləməşdik?”

Sakitləşdirirdim. Səbirli olmasını, həyəcanlanmamağı, səhhətini qorumasını məsləhət görürdüm. Həmişə də demək olar eyni cavabı alırdım: “Yox e Tahir, illər gedir”. Özü də hiss edirdi, vaxt çox qalmayıb.

Artıq üç ildir aramızda yoxdur. Sanki dünən olub. Yenidən futbolçulara son tapşırıqlarını verib yaşıl meydana yola salacaq. Qələbə dalınca...

Məğlubiyyəti həzm etməzdi. Tək futbolda yox, həyatda da beləydi. Xalqı, milləti çox sevirdi. Tarixi gözəl bilirdi. Kiprdə dediyi: “Biz qəlbimizdə Azərbaycan-Türkiyə bayraqları ilə meydana çıxacağıq” ürəyi bu günləri görmədi.

Azərbaycan-Türkiyə birliyi Qarabağda xarüqələr yaratdı. İgid oğullarımız Şuşa qalasına müqəddəs bayrağımızı sancdılar, Böyük. Təsəvvür edirəm, o zəfər günlərində nə açıqlamalar verərdi...

Futboldan incik getsə də, heç şübhəsiz, bu gün ruhu şaddır: “Kiprdə nə demişdim, Tahir, Qarabağda da düşmənləri mələtdik!” Telefonumun yaddaşından nömrələrini silməmişəm axı...

“Neftçi” də liderdir, Böyük. Yenidən çempionluq qazanılsın, zəngləşərik...

Tahir Süleymanov, apasport.az üçün