12:29 16-03-2021
news_image
343
FUTBOL

Avropada Türkiyə fırtınası - Oktay Dərəlioğlu “10-luq”dan kənarda

Son vaxtlar türkiyəli futbolçular Avropanın müxtəlif klublarında parlaq çıxışla diqqət çəkir.

Apasport.az saytının məlumatına görə, xüsusən də, “böyük beşlik” ölkələrindəki türkiyəlilər milli komanda üçün uğurlu gələcək vəd edir.

Türkiyənin Avropa ölkələrində ən çox qol vuran futbolçusu isə hazırda Super Liqada çıxış edir. Bu, uzun illər Fransada macəra yaşayan Mevlüt Ərdinçdir.

Vaxtilə Azərbaycanda “Xəzər Lənkəran”ın formasını geyinmiş Oktay Dərəlioğlu da qısa müddətdə bombardirlik bacarığını nümayiş etdirmişdi. 2004/05 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinən sabiq forvard 21 oyunda 17 qola imza atmışdı. Ancaq bu göstərici ən məhsuldar legionerlər siyahısında ilk “10-luğ”a düşmək üçün yetərli olmayıb.

Qardaş ölkənin Avropanın yüksək liqalarında ən çox qol vuran 10 futbolçusunu təqdim edirik:

1. Mevlüt Ərdinç – 92 qol
Hazırda “Fatih Karagümrük” forması geyinən Mevlüt Fransada 6 fərqli klubda çıxış edib. 34 yaşlı hücumçu ümumilikdə 295 oyunda 92 qola imza atıb. Bununla o, Avropada ən çox fərqlənən türkiyəli futbolçu ünvanına sahibdir.

2. Nihat Kahveci – 75 qol
2002/03 mövsümündə 2 xallıq fərqlə La Liqa çempionluğunu qaçıran “Real Sosyedad”ın liderlərindən olan Nihat Kahveci 23 qola imza atdı. O, İspaniya çempionatlarında keçirdiyi 195 görüşdə 75 dəfə fərqlənib.

3. Halil Altıntop – 68 qol
Halilin karyerasının böyük hissəsi Bundesliqa ilə bağlıdır. Bundesliqada 67 qola çatmaq üçün 351 matç keçirən forvard 1 qolu da Çexiya çempionatında vurub.

4. Hakan Çalhanoğlu – 47 qol
Avropada “Hamburq”, “Bayer” və “Milan” forması geyinən Hakan bu müddət ərzində aktivinə 47 top yazdırıb.

5. Gökdəniz Qaradəniz – 39 qol
2008-ci ildə “Rubin”ə transfer olunan və 10 il orada çıxış edən sabiq “Trabzonspor”lu Rusiya çempionatında 226 oyun keçirib. O, ümumilikdə 39 qol, 46 məhsuldar ötürmə ilə “Rubin”ə xeyir verib.

6. Enes Ünal – 37 qol
24 yaşlı forvard Avropada “Genk”, “Tvente”, “Levante”, “Vilyarreal” və “Valyadolid” klublarında qol vurmağı bacarıb. Ancaq hazırkı komandası “Xetafe”də hələ qol hesabını açmayıb.

7. Yunus Mallı – 36 qol
Yanvarda “Trabzonspor”a transfer olunan Yunus Almaniyada “Mayns”, “Volfsburq” və “Union”un şərəfini qoruyub. Mallı Bundesliqada 211 oyunda 36 qola imza atıb.

8. Şükrü Gülesin – 36
“Beşiktaş”ın əfsanəvi futbolçusu künc zərbəsindən vurduğu qollarla məşhurlaşmışdı. İtaliya A seriyasında “Latsio” və “Palermo” formasını geyinən Gülesin 79 görüşdə 36 dəfə fərqlənib.

9. Muzzi İzzət – 34 qol
“Lester”in unudulmaz futbolçuları arasında göstərilən Muzzi Premyer Liqa karyerası ərzində bu komanda ilə yanaşı, “Çelsi” və “Birmingem”də də çıxış edib. O, Premyer Liqada 248 matçda iştirak edib, rəqib qapılarına 34 dəfə yol tapıb.

10. Yıldıray Baştürk – 32 qol
Yıldırayın da karyerası Almaniya ilə bağlıdır. Bundesliqada “Boxum”, “Bayer”, “Herta” və “Ştutqart”la ümumilikdə 249 oyuna çıxıb, 32 qol vurub.