23:14 16-03-2021
news_image
185
FUTBOL

Eden Azarın “Real” fiaskosu – 7 məqamda

“Real”ın hücumçusu Eden Azar ay yarımlıq zədədən qayıtsa da, İspaniya La Liqasının XXVII turunda “Elçe” ilə matçda (2:1) meydanda olduğu 15 dəqiqədə yenidən sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, təxminən 4-6 həftəlik komandasına kömək edə bilməyəcəyi açıqlanan belçikalı ulduz futbolçu “Real”a gəldiyi gündən azarkeşləri məyus etməkdə davam edir.

2019-cu ildə “Çelsi”dən transfer edilən Azarın La Liqa təmsilçisinə xeyir vermədiyi aşağıda sadalanan 7 məqamda aşkar görünür.


Transferi – 115 milyon avro
Azar “Real” tarixinin ən bahalı transferidir. Rekord məbləğə “kral klubu”na gələn ulduz futbolçu hələ də bunun qarşılığını verə bilmir.


Maaşı – 23,5 milyon avro
Belçikalı Madrid təmsilçisinin ən yüksək məvacib qazanan oyunçusudur. Aldığı maaşı keçirdiyi oyun sayına bölsək, hər matça orta hesabla 650 min avro əldə edir.


Keçirdiyi oyun sayı – 36
31 yaşlı vinger “Real”da keçirdiyi iki mövsümdə cəmi 36 matça çıxıb. Ümumilikdə 2191 dəqiqə meydanda qalıb ki, orta hesabla 36 görüşün hər birinə 60 dəqiqə düşür.


Qola təsiri – 4 qol, 7 assist
Hücumdakı kömək baxımından da “Çelsi”dəki performansından çox uzaq qalıb. İki ildə cəmi 4 qol, 7 assistlə “kral klubu”nu sevindirə bilib.


Zədə sayı – 11
Maraqlıdır ki, Belçika millisinin üzvü İspaniyaya köçəndən bəri zədə sayı vurduğu qol və assist sayının cəminə bərabərdir.


Zədəli qaldığı gün sayı – 362
2019-cu ilin yayından 362 günü zədəsini sağaltmağa həsr edib. Bu da Azarın “Real”da olduğu müddətin yarıdan çoxu deməkdir. Halbuki “Çelsi”də keçirdiyi 7 ilin ümumilikdə 198 günün zədə üzündən kənarda keçirmişdi.


Buraxdığı oyun sayı – 50
36 oyunda iştirak edən Azar 50 matçı da buraxmalı olub. Mövsümün sonuna qədər bu sayın bir qədər də artması gözlənilir. Ancaq “Çelsi”də cəmi 21 görüşdə komandasına kömək edə bilməmişdi.