10:58 17-03-2021
news_image
277
FUTBOL

CR7-nin “üçlük”ləri – qəzəbi millimizdən uzaq

İtaliya A seriyasının XXVII turunda “Kalyari” ilə keçirilən oyunda “Yuventus”u qələbəyə (3:1) daşıyan Kriştianu Ronaldo 22 dəqiqəyə 3 dəfə rəqibi mərkəzə dəvət etdi.

Apasport.az saytının məlumatına görə, bu, 36 yaşlı forvardın heç də ən qısamüddətli het-triki deyildi.

Onun 22 dəqiqə ərzindəki 3 qolu hətta ən sürətli het-trikləri arasında belə deyil. Çünki karyerası ərzində saysız-hesabsız qollara imza atan portuqaliyalının qısamüddətli het-trikləri də olub.

36 yaşı olmasına baxmayaraq, qol vurmaq arzusu hələ də azalmayan CR7 yaşlandıqca daha çılğınlaşır. Təbii ki, bu, martın 24-də DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi üçün də həyəcan təbilidir. Allah yığmamızı Ronaldonun qəzəbindən qorusun.

Bu yazda isə “Yuventus”un qol silahının ən qısamüddətli het-triklərini sıralayacağıq.

1. “Qranada” (8 dəqiqə) – 5 aprel 2015-ci il
2014/15 mövsümünə təsadüf edən qarşılaşmanı Ronaldo 5 qolla tamamladı. Yarım saatın tamamında hesabı açan superulduz 36 və 38-ci dəqiqələrdə də fərqlənərək het-trikini rəsmiləşdirdi. CR7-nin fasilədən sonra daha iki qol vurduğu görüşü “Real” 9:0 hesablı qələbə ilə başa vurdu.

2. “Xetafe” (10 dəqiqə) – 27 yanvar 2013-cü il
“Xetafe” hər zaman rəqiblər üçün sirli qutu sayılıb. 2012/13 mövsümündəki görüşdə də “kral klubu”na müqavimət göstərmişdi. Ancaq fasilədən dərhal sonra Serxio Ramosun hesabı açması onların müqavimətini qırdı. 62-72 dəqiqələr aralığında 3 dəfə fərqlənən Ronaldo isə hesabı 4:0-a çatdırdı.

3. “Malmö” (11 dəqiqə) – 8 dekabr 2015-ci il
Çempionlar Liqası tarixinin ən məhsuldar futbolçusu 2015-ci ildəki qarşılaşmada “Malmö”nü 4 dəfə meydanın mərkəzinə dəvət etdi. “Real”ın 8:0 hesablı qələbə qazandığı görüşdə Ronaldo 11 dəqiqəyə het-trik, 20 dəqiqəyə isə poker etdi.

4. “Levante” (12 dəqiqə) – 12 fevral 2012-ci il
Həmin oyunda “Real”ı qələbəyə daşıyan oyunçu oldu. Hesabda geri düşən madridlilər ilk hissənin son dəqiqələrində Ronaldo sayəsində fasiləyə bərabərliklə yollandı. Portuqaliyalı ikinci hissədə də qarşısıalınmaz oldu, 50 və 57-ci dəqiqələrdə toru silkələdi. Matçdan isə “Real” 4:2 hesablı qalib ayrıldı.

5. “Espanyol” (13 dəqiqə) – 12 sentyabr 2015-ci il
“Real” 2015/16 mövsümünün III turunda “Espanyol”u səfərdə 6:0 hesabı ilə məğlub etdi. Qollardan 5-nə də Ronaldo imza atdı. 7 ilə 20-ci dəqiqələr aralığında het-trikini rəsmiləşdirən superulduz ikinci hissədə də qollarına davam etdi.

6. “Selta” (14 dəqiqə) – 5 mart 2016-cı il
2015/16 mövsümündə növbəti darmadağın. Bu dəfə qurban “Selta” oldu. “Real”ın rəqibi 7:1 hesabı ilə üstələdiyi qarşılaşmada Kriştianuya het-trik etmək üçün 14 dəqiqə kifayət etdi. İlk qolu ilə 4-cü topu arasında isə 26 dəqiqə fərq var idi.

7. “Malaqa” (14 dəqiqə) – 22 oktyabr 2011-ci il
“Malaqa” bir dönəm La Liqanın təhlükəli komandalarından idi. Amma onlar da Ronaldo ilə bacaracaq səviyyədə deyildi. CR7-nin 14 dəqiqədə 3 dəfə fərqləndiyi görüşdə “Real” birinci hissədə vurduğu qollar sayəsində 4:0 hesablı qələbə qazandı.

8. Şimali İrlandiya (15 dəqiqə) – 6 sentyabr 2013-cü il
Portuqaliya yığmasının heyətində 102 dəfə fərqlənən Ronaldo millidə 9 dəfə het-trik müəllifi oldu. İlk het-trik də Şimali İrlandiya 2013-cü ildəki oyuna təsadüf etdi. O, 68-83-cü dəqiqələr aralığında bunu reallaşdırmağı bacardı.