23:12 21-03-2021
news_image
313
FUTBOL

Yolu Türkiyədən keçən dünya çempionları – “11-lik”

Futbol dünyasının ən önəmli turniri, şübhəsiz ki, dünya çempionatıdır.

Apasport.az saytının məlumatına görə, bu günə qədər mundialda çox sayda komanda iştirak etsə də, onlardan yalnız 8-i çempion olmağı bacarıb.

Kuboku başı üzərinə qaldıran futbolçular arasında yolu Türkiyədən keçənlər də olub. Sonuncu belə oyunçu bu il “Fənərbaxça”ya qoşulan Məsut Özildir. Almaniya millisinin sabiq üzvündən əvvəl də dünya çempionu olduqdan sonra Türkiyə Super Liqasında oynayanlar olub.

Türkiyəli həmkarlarımız həmin futbolçulardan ibarət “11-lik” formalaşdırıb.

Qapıçı: Klaudio Taffarel
O, “Braziliyadan yaxşı qapıçı çıxmaz” deyimini məhv edən ilk qolkiper oldu. DÇ-1994-ün qalibi olan və 1998-ci ildə Braziliya yığmasının finalda uduzmasına mane ola bilməyən Taffarel mundialın ardından Türkiyəyə yollandı. “Qalatasaray”ın çərçivəsini 3 mövsüm qoruyan və əfsanəvi heyətin önəmli simalarından olan qapıçı Braziliya yığmasının formasını ən çox geyinən 6-cı futbolçudur.

Mərkəz müdafiəçisi: Adil Rami
Son mundialda Fransa millisinin heyətində yer almışdı. Düzdür, meydana çıxmaq nəsib olmadı, ancaq kuboku başı üzərinə qaldırdı. 2019-cu ildə “Fənərbaxça”ya transfer olunsa da, burada cəmi 6 ay qala bildi.

Mərkəz müdafiəçisi: Tomas Bertold
Bertold karyerasını Türkiyədə “Adanaspor”un heyətində başa vurdu. Almaniya yığmasının heyətində 62 matçda iştirak edən sabiq müdafiəçi 1990-cı ildə dünya çempionu olan heyətin bir parçası idi.

Sol cinah müdafiəçisi: Roberto Karlos
Bütün dövrlərin ən yaxşı sol cinah müdafiəçilərindən biri hesab edilən Karlos 2002-ci ildə mundialın qalibi olmağın sevincini yaşayıb. Əfsanəvi braziliyalı 2007-ci ilin yayında “Fənərbaxça”nın yolunu tutdu və 2,5 il bu klubun formasını geyindi.

Sağ cinah müdafiəçisi: Kevin Qrosskroyts
Qrosskroyts 2015-ci ilin sentyabrında “Qalatasaray”a keçdi. Ancaq “sarı-qırmızılılar” onun sənədlərini təqdim etməkdə gecikdiyindən, meydana çıxmaq üçün 6 ay gözləməli oldu. Bir il əvvəl DÇ-2014-də meydana çıxmasa da, çempion olan Almaniya yığmasının heyətində yer almışdı.

Dayaq yarımmüdafiəçisi: Stiven Nzonzi
Nzonzi DÇ-2018-in finalında 55-ci dəqiqədə Nqolo Kanteni əvəzlədi. Ötən mövsüm “Qalatasaray”ın “Roma”dan icarəyə götürdüyü yarımmüdafiəçi yarım illik çıxışın ardından geri qaytarıldı.

Orta sahə: Joze Kleberson
Kleberson DÇ-2002-nin qalibi Braziliya yığmasının gizli qəhrəmanlarından idi. Turnirdən bir il sonra “Mançester Yunayted”ə keçən yarımmüdafiəçinin orada işləri yolunda getmədi. 2005-ci ildə “Beşiktaş”la anlaşsa da, “ağ-qaralar”da da istənilən performansı sərgiləyə bilmədi.

Pleymeyker: Məsut Özil
Türkiyə əsilli Özil milli komanda seçimini almanların xeyrinə etdi. Almaniyanın 2014-cü ildəki dünya çempionluğunda da pay sahibi oldu. 32 yaşlı hücumameyilli oyunçu bu ilin əvvəlində “Arsenal”dan ayrılaraq “Fənərbaxça”ya keçdi.

Sol vinger: Lukas Podolski
Almaniya yığmasının formasını ən çox geyinən üçüncü futbolçu olan Podolski də karyerasını Türkiyədə davam etdirir. 2015-2017-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyan 36 yaşlı oyunçu ötən ildən “Antalyaspor”un formasını geyinir.

Sağ vinger: Rikardinyo
Əslində DÇ-2002-nin iştirak ərizəsinə salınmamışdı. Lakin Emerson zədələndiyindən, son anda Braziliya millisinə cəlb edildi. “Sambaçılar”ın çempion olduğu yarışda 3 oyuna çıxdı. 2006-cı ildəki mundialda da heyətə salınan Rikardinyo turnirin ardından “Beşiktaş”a transfer olundu, iki il “qara qartal”ın şərəfini qorudu.

Hücumçu: Viola
2001/02 mövsümünün dövrələrarası fasiləsində “Qaziantepspo”a transfer olunan Viola il yarım burada çıxış etdi. O, 1994-cü ildə Braziliya yığmasının dünya çempionu olan heyətində yer almışdı və millidə son oyununu 1995-ci ildə keçirmişdi.