22:44 17-03-2021
news_image
321
FUTBOL

Ən çox qələbə qazanan məşqçilər – SİYAHI

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin Mönhenqladbax “Borussiya”sı ilə cavab oyunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandasının rəqibini 2:0 hesabı ilə məğlub etdiyi görüş ispaniyalı mütəxəssisin turnirdə 82-ci qələbəsi olub.

Bununla Qvardiola “Tottenhem”in baş məşqçisi Joze Mourinyonu geridə qoyaraq, Çempionlar Liqasında ən çox qalibiyyət əldə edən 4-cü məşqçi ünvanına yiyələnib.

İspaniyalı mütəxəssisin yaxın müddətdə ikinci pilləyə qədər yüksəlməsi qaçılmaz görünür. Ancaq siyahıda zirvəyə yüksəlmək üçün çalışdırdığı komanda yaxın illərdə ÇL-də uğurlu çıxışlarını davam etdirməlidir.

Çempionlar Liqasında ən çox qələbə sevinci yaşayan 5 məşqçi aşağıdakılardır:

1. Aleks Ferqyuson – 102 qələbə
Ardıcıl 27 il “Mançester Yunayted”i çalışdıran şotlandiyalı mütəxəssis 2 dəfə komandanı bu turnirin qalibi etdi. Ferqyuson bu müddətdə qazandığı qələbə sayına görə hələ də həmkarları üçün əlçatmazdır.

2. Karlo Ançelotti – 89 qələbə
Hazırda “Everton”a rəhbərlik edən Ançelotti komandasını Çempionlar Liqasına daşımağa çalışır. İtaliyalı mütəxəssis 2 dəfə “Milan”la, 1 dəfə isə “Real”la ÇL-in qalibi olub.

3. Arsen Venger – 86 qələbə
22 il ərzində “Arsenal”ın sükanı arxasında dayanan fransalı mütəxəssis heç vaxt turnirin qalibi olmayıb. 2005/06 mövsümündə buna çox yaxın olsa da, komandası finalda “Barselona”ya uduzdu. Buna rəğmən ən çox qələbə qazanan məşqçilər arasında 3-cü pillədədir.

4. Pep Qvardiola – 82 qələbə
“Borussiya” ilə görüş ispaniyalı mütəxəssisin 82-ci qələbəsi kimi əlamətdar oldu ki, bununla o, siyahıda 4-cü pilləyə yüksəldi. “Barselona”, “Bavariya” və “Mançester Siti” ilə bu turnirdə iştirak etmək imkanı qazanan Qvardiola birincilərlə 2 dəfə kuboku başı üzərinə qaldırıb.

5. Joze Mourinyo – 81 qələbə
58 yaşlı mütəxəssis indiyə qədər Çempionlar Liqasında 6 fərqli komanda meydana çıxarıb. “Porto” və “İnter”i yarışın qalibi edən portuqaliyalı iki fərqli klubla ÇL qalibi olan 5 baş məşqçidən biridir.