00:00 19-03-2021
news_image
203
FUTBOL

Ən qolçu futbolçulardan ibarət simvolik “11-lik” – ÇL tarixində

Avropanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında (ÇL) qol vurmaq əksər futbolçular üçün xəyaldır.

Apasport.az saytının məlumatına görə, bəziləri üçün isə bu turnirdə fərqlənmək adi hala çevrilib.

Çempionlar Liqası tarixində amplualar üzrə ən çox qol vuran futbolçulardan ibarət simvolik “11-lik” müəyyənləşdirsək, aşağıdakı mənzərə ortaya çıxar.

Qapıçı: Hans-Yorq Butt (3 qol)
Almaniyalı turnir tarixinin ən qolçu qapıçısıdır. Karyerası 1994-2012-ci illəri əhatə edən Butt penaltidən vurduğu qollarla məşhur idi. “Bayer”dəki çıxışı ilə tanınan sabiq qolkiper ÇL-də 3 fərqli komandanın hərəsində bir dəfə fərqlənib. Onun hər üç qolu “Yuventus”un qapısından keçirməsi də maraqlı təsadüfdür.

Mərkəz müdafiəçisi: İvan Elqera (15 qol)
Karyerası, demək olar ki, bütünlüklə İspaniya çempionatında keçən Elqera 8 mövsüm “Real”ın formasını geyinib. Çempionlar Liqasında meydana çıxdığı 87 oyunda 15 qolla komandasına xeyir verib.

Mərkəz müdafiəçisi: Serxio Ramos (15 qol)
“Real”ın kapitanı qitənin ən nüfuzlu klub turnirində 15 qola çatmaq üçün 128 oyun keçirib. Ramos daha bir qol vurarsa, ən məhsuldar müdafiəçilərin sıralamasında liderə şərik olacaq.

Sol cinah müdafiəçisi: Roberto Karlos (16 qol)
Ramos hazırda yalnız sabiq komanda yoldaşı olan braziliyalıdan geri qalır. Sol ayağı ilə qüvvətli zərbələrlə hələ də yaddaşlarda qalan Karlos 120 matçda 16 dəfə toru silkələyib.

Sağ cinah müdafiəçisi: Dani Alveş (12 qol)
“Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış etmiş braziliyalı ən məhsuldar sağ cinah müdafiəçisidir. Hazırda ölkəsində “San-Paulo”nun formasını geyinən Alveş həm də ən çox kubok qazanan futbolçudur.

Orta sahə: Pol Skoulz (24 qol)
Karyerası ərzində yalnız “Mançester Yunayted”in formasını geyinən Skoulz mövqeyinə görə çox qol vura bilməzdi. Buna rəğmən 124 görüşdə 24 dəfə fərqlənməyə macal tapıb.

Orta sahə: Frenk Lempard (23 qol)
“Çelsi” əfsanəsi ÇL-in 105 oyununda meydanda olub, 23 qola sevinib. 2011/12 mövsümündə bu turnirin qalibi olan London klubunun liderlərindən idi. Həmin mövsüm çempionluğa 3 qol, 3 assistlə töhfə verib.

Pleymeyker: Tomas Müller (47 qol)
Universallığı ilə seçilən Müllerin konkret mövqeyini müəyyənləşdirmək çətindir. “Bavariya”nın futbolçusu daha çox hücumçu arxası, pleymeyker kimi çıxış edir. Almaniyalı Çempionlar Liqasında 121 qarşılaşmada oynayıb. O, bu matçlarda 47 qol, 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Sol vinger: Kriştianu Ronaldo (134 qol)
Çempionlar Liqası tarixinin bombardiri olan portuqaliyalı 5 dəfə kuboku başı üzərinə qaldırıb. “Yuventus”un forvardına 134 qol vurmaq üçün 176 oyun kifayət edib.

Sağ vinger: Lionel Messi (120 qol)
Ronaldonun ən yaxın izləyicisi olan “Barselona”nın kapitanı 149 matçda 120 dəfə fərqlənib. Turnirin dördqat qalibi olan argentinalı ardıcıl 4 mövsümü bombardir kimi başa vuran yeganə futbolçudur.

Hücumçu: Robert Levandovski (73 qol)
“Bavariya”nın forvardı ÇL-də meydana çıxdığı 96 matçda 73 qol vurub. Raul Qonzalesi yenicə geridə qoyan polşalı amplua baxımından turnir tarixinin ən qolçu mərkəz hücumçusudur.