13:31 18-03-2021
news_image
261
FUTBOL

Mahir Emrelini Avropadakı klubuna dəvət etdi - azərbaycanlı iş adamı

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Emreliyə növbəti təklif gəlib.

Apasport.az “sportinfo” istinadən məlumat verir ki, 23 yaşlı forvard “Ferensvaroş”un maraq dairəsinə düşüb.

Macarıstanın məşhur klubu ona dəvət göndərib.

Sergey Rebrovun baş məşqçisi olduğu komanda hazırda ölkə çempionatının aşkar lideridir. “Ferensvaroş” 26 tura 61 xal toplayıb və ən yaxın rəqibi olan “Puşkaş”ı 13 xal qabaqlayır.

2015-ci ildən “Qarabağ”ın formasını geyinən Mahirin müqaviləsi bu yay başa çatır. O, Ağdam təmsilçisinin razılaşmanı uzatmaqla bağlı son çağırışlarına hələ konkret cavab verməyib.

“Ferentsvaroş”un prezidenti əslən azərbaycanlı Qabor Qubadovdur. O, Naxçıvan bölgəsindəndir, ailəsi ötən əsrdə Macarıstana köçüb.

2006-cı ildən Macarıstan Milli Məclisinin deputatıdır. Atası azərbaycanlı, anası isə macar olan Qubadov orta təhsilini Peşterjebetdə alıb. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb.

Qubadov 2008-ci ildə keçirilmiş referendumda və 2009-cu il Macar Avropa Parlamenti seçimlərində fəal iştirak edib. 2006-cı ildən Macarıstan parlamentinin üzvü olan siyasətçi bu il Macarıstanın 10 ən görkəmli şəxsindən biri seçilib. Ailəlidir, Emma, Marsel və Oliviya adında 3 övladı var.

"Yaşıl-ağlar" Macarıstanın ən titullu klubu sayılır. Ləqəbi "yaşıl qartallar" olan komanda çempionluqlardan əlavə, 23 dəfə ölkə kubokunu qazanıb və 1974/1975 mövsümündə Avropa Kuboklar Kubokunun finalçısı olub. Həlledici görüşdə bu klub Kiyev "Dinamo"suna uduzub - 0:3.

1899-cu ildə yaranan "Ferentsvaroş" ev oyunlarını 22 min azarkeş tutumuna malik “Qroupama Arena”da keçirir. Stadion məhz 2011-ci il fevralın 15-də klub prezident seçilən Qubadovun dövründə - 2013-cü ildə tikilib. Paytaxt təmsilçisi 2006-cı ildə ölkənin ən yaxşı klubu seçilib.