22:10 19-03-2021
news_image
216
FUTBOL

Ulduzlarını satmasaydı, “11-liy”i necə olardı? – “Şalke”nin

Almaniyada hər il avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Şalke” koronavirus pandemiyasından sonra acınacaqlı vəziyyətə düşüb.

Apasport.az saytının məlumatına görə, Gelzenkirhen təmsilçisi 25 turdan sonra cəmi 10 xalla Bundesliqada sonuncu pillədə qərarlaşır.

Halbuki bu klub vaxtilə bir çox ulduz futbolçunun oynamaq istədiyi komanda olub. Elə hazırda Avropanın müxtəlif klublarında çıxış edən müxtəlif tanınmış oyunçular vaxtilə “Şalke”nin formasını geyinib. Hətta bəziləri məhz bu klubun yetirməsidir.

Maraqlıdır, Gelzenkirhen təmsilçisi həmin futbolçuları satmasaydı, hazırda “Şalke”nin “11-liy”i necə olardı?

Qapıçı: Manuel Noyer
Son 10 ilin ən yaxşı qapıçısı kimi qəbul edilən Noyer “Şalke”nin yetirməsidir. 2006-cı ildə əsas heyətə cəlb olunan 35 yaşlı qolkiper 5 mövsüm gelzenkirxenlilərin şərəfini qoruyub. 2011-ci ildə “Bavariya”nın yolunu tutan Noyer həmin vaxtdan həm klubun, həm də Almaniya millisinin əvəzedilməz simasıdır.

Mərkəz müdafiəçisi: Joel Matip
Almaniyanın bir neçə həvəskar komandasında yer alan Matip son olaraq “Şalke” akademiyasına cəlb olunub və ilk peşəkar müqaviləni onlarla imzalayıb. 2015/16 mövsümünün qış fasiləsində “Liverpul” onu yayda azad agent kimi heyətinə cəlb edəcəyini açıqlayıb. 30 yaşlı kamerunlu hazırda da “qırmızılar”ın şərəfini qoruyur.

Mərkəz müdafiəçisi: Ozan Kabak
“Qalatasaray”ın yetirməsi olan Ozan zirvəyə pillə-pillə yüksəlir. Əvvəlcə oradan “Şalke”yə keçən gənc müdafiəçi Bundesliqa təmsilçisindəki parlaq çıxşı sayəsində bu ilin əvvəlində “Liverpul”a icarəyə verilib.

Sol cinah müdafiəçisi: Serxio Eskudero
İspaniyalı oyunçu hələ 20 yaşı olanda “Şalke”yə üz tutub. Düzdür, orada ümidləri tam doğrultmayıb. Ancaq sonrakı karyerası uğurlu alınıb. “Şalke”dən keçdiyi “Xetafe”də səviyyəsini ortaya qoyan Eskudero hazırda “Sevilya”nın vitse-kapitanıdır.

Sağ cinah müdafiəçisi: Sead Kolaşinaç
Kolaşinaç da “Şalke” akademiyasından çıxıb, 2012-ci ildə əsas heyətə cəlb edilib. Uzun müddət orada oynadıqdan sonra “Arsenal”a üz tutub. Yanvardan doğma klubunda icarə əsasında çıxış edir.

Orta sahə: Leon Qoretska
DÇ-2014-ü qazanan Almaniya millisinin heyətində olan Qoretska ondan bir il əvvəl “Boxum”dan “Şalke”yə yollanıb. Orada 5 il oynadıqdan sonra hazırda şərəfini qoruduğu “Bavariya”ya keçib.

Orta sahə: İvan Rakitiç
Son illərin ən yaxşı xorvatiyalı futbolçularından sayılan Rakitiç 2007-2011-ci illərdə Bundesliqa təmsilçisinin uğurları üçün çalışıb. Məhz oradan yüksəlişə keçən yarımmüdafiəçi “Barselona”da da parlaq nəticələr qazanıb. Rakitiç hazırda “Sevilya”ya liderlik edir.

Pleymeyker: Məsut Özil
Özili də dünya futboluna “Şalke” bəxş edib. İki illik çıxışın ardından “Verder”ə, orada isə “Real”a keçib. Uzun müddət Almaniya millisinin aparıcı simalarından olan Özil hazırda “Fənərbaxça”da oynayır.

Sol vinger: Yulian Draksler
Draksler “Şalke”də 2011-ci ildə akademiyadan əsas komandaya keçid edib. Orada 4 il qaldıqdan sonra “Volfsburq”a üz tutub. 2017-ci ildən isə PSJ-nin uğurları üçün tər tökür.

Sağ vinger: Leroy Sane
“Bavariya”nın futbolçusu Bundesliqa təmsilçisinə “Mançester Siti”dən keçib. Ancaq ingilislərdən əvvəl aşağı yaş qruplarında oynadığ “Şalke”nin şərəfini qoruyub.

Hücumçu: Teemu Pukki
Pukki böyük gələcək vəd etsə də, getdiyi yerlərdə özünü tam doğrulda bilməyib. Hazırda “Norviç”in forvardı funksiyasını icra edən finlandiyalı 2011-2013-cü illərdə “Şalke”nin qol yükünü daşıyıb.